Qaret Beyldən Xabi Alonso barədə açıqlama: “Təəccüblənmədim”
Bir neçə gün əvvəl baş məşqçi postundan ayrılan Xabi Alonso ilə bağlı “Real Madrid”in sabiq ulduz futbolçusu Qaret Beyl açıqlamalar verib. Uelsli keçmiş futbolçu ispan mütəxəssisin komandadan göndərilməsinin onu təəccübləndirmədiyini bildirib.
90plus.az xəbər verir ki, “Bayer Leverkuzen”də uğurlu məşqçi karyerası quran və Bundesliqa çempionu olan Xabi Alonso mövsümün əvvəlində futbolçu kimi də çıxış etdiyi “Real Madrid”in baş məşqçisi təyin edilmişdi. Lakin Alonso Madrid təmsilçisində cəmi 8 ay işləyə bilib.
Mövsümə yaxşı start verən “Real Madrid”də zamanla komanda daxili problemlərin artması və ardıcıl mənfi nəticələrdən sonra məsuliyyət Xabi Alonsonun üzərinə qoyulub. Xüsusilə Superkubok finalında əzəli rəqib “Barselona”ya məğlubiyyətdən sonra klub rəhbərliyi ispan çalışdırıcı ilə yolları ayırıb və komandanın başına Alvaro Arbeloanı gətirib.
Qaret Beyl Xabi Alonsonun gedişi ilə bağlı suallara belə cavab verib:
“Dürüst desəm, təəccüblənmədim. ‘Real Madrid’də işlərin necə getdiyini yaxşı bilirəm. Nəticə yoxdursa, gedirsən. Alonso ilə də belə oldu. Bu, üzücüdür, amma burada qaydalar belədir. Böyük komandada baş məşqçi olmaq bu gün çox çətindir”.
Beyl fikirlərinin davamında Alonsonun keyfiyyətlərini də vurğulayıb:
“Xabi Alonso əla baş məşqçidir. ‘Bayer Leverkuzen’də titullar qazandı və komandanı möhtəşəm idarə etdi. Amma ‘Real Madrid’də sadəcə məşqçi yox, menecer olmalısan. Soyunub-geyinmə otağında futbolçuların eqosunu düzgün idarə etmək vacibdir. Burada hər an oyunun taleyini dəyişə bilən super ulduzların var. Alonso böyük taktiki biliyə malikdir, amma ‘Real Madrid’də bu yetərli olmadı”.
Qaret Beyl “Real Madrid” forması ilə 258 oyuna çıxıb, bu matçlarda 106 qol vurub və 56 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved