“Real Madrid” Xabi Alonsonun yerinə namizədləri müəyyənləşdirir: Kloppdan 4 şərt
“Real Madrid” bütün turnirlər üzrə ardıcıl dörd qələbə qazansa da, bazar günü İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olması ilə birgə Xabi Alonsonun vəzifəsinə son verildi.
90plus.az xəbər verir ki, Xabi Alonsonun yerinə ən real namizəd Yurgen Kloppdur.
Çempionluq yarışında “Barselona”dan geri qalmaq və final məğlubiyyəti ispan çalışdırıcı üzərində təzyiqi artırıb. İspaniya mətbuatında yayılan xəbərlərə görə, onun yerinə əsas namizəd kimi “Liverpul”un əfsanəvi sabiq baş məşqçisi Yurgen Klopp ön plana çıxıb.
Məlumatlara əsasən, Yurgen Klopp “Real Madrid”də işləməyə razılıq verməzdən əvvəl klubun idman rəhbərliyinə həm transferlər, həm də ayrılıqlarla bağlı açıq və konkret şərtlərini təqdim edib.
Alman mütəxəssisin əsas – “məcburi” tələbi “Liverpul”da birlikdə çalışdığı argentinalı yarımmüdafiəçi Aleksis Mak Allisterin transferidir. Klopp futbolçunu yaxından tanıdığını və onun komandaya dərhal təsir göstərəcəyinə tam əmin olduğunu bildirib.
Kloppun ikinci istəyi isə klassik mərkəz hücumçusunun transferidir. O, hazırda “Bavariya”da çıxış edən Harri Keyni komandada görmək istəyir və “Real Madrid”in ənənəvi santraforla güclənməsinin vacib olduğunu düşünür.
Yeni transferlərlə yanaşı, Klopp heyətdə iki futbolçunun da gedişini istəyir. Bu adlardan biri Dani Sebalyosdur. Alman çalışdırıcı onun “Real Madrid” səviyyəsində rəqabət apara biləcək gücdə olmadığını hesab edir.
Kloppun göndərilməsini istədiyi digər futbolçu isə braziliyalı cinah oyunçusu Vinisius Junior-dur. Mütəxəssisin fikrincə, Vinisiusun davranışları və müdafiəyə verdiyi töhfənin zəif olması komandaya mənfi təsir göstərir.
Hesabatda qeyd olunur ki, iki yüksək səviyyəli transfer və iki vacib ayrılıq klub üçün dönüş nöqtəsi ola biləcək iddialı planın tərkib hissəsidir və hazırda qərar vermək “Real Madrid” rəhbərliyinin öhdəsinə düşür.
Qeyd edək ki, Yurgen Klopp “Liverpul”dan ayrıldıqdan sonra məşqçilik etməyib. O, hazırda “Red Bull” şirkətində Qlobal Futbol Direktoru vəzifəsini icra edir və qurumun tərkibində “RB Leypsiq”, “RB Zaltsburq” və “Nyu York Red Bulls” kimi klublar yer alır.