BOK keyfiyyətsiz medallarla bağlı cavab verdi
Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançılarından beşinin medalları keyfiyyətini itirib.
90plus.az xəbər verir ki, bu idmançılar məsələ ilə bağlı Milli Olimpiya Komitəsinə müraciət ediblər. MOK tərəfindən aparılan araşdırmalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə rəsmi məktub göndərilib.
BOK Milli Olimpiya Komitəsinə cavab olaraq bildirib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalı şəkilləri onlara təqdim olunsun. Araşdırmalardan sonra BOK medalların yenilənməsi prosesi barədə əlavə məlumat verəcək.
Qeyd: Paris-2024 Olimpiadasında medal qazanan yeddi Azərbaycan idmançısından beşinin medallarında nəzərəçarpacaq dəyişiklik olub. Cüdoçu Hidayət Heydərov (-73 kq) və sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdoçu Zelim Kotsoyev (-100 kq), taekvondoçu Qaşim Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq), yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) medallarının keyfiyyətini itirdiyini bildiriblər.
© Copyright 2026, All Rights Reserved