"O hələ 90 dəqiqəlik matça hazır deyil" - Ayxan Abbasov
“Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Evdə, azarkeşlərimiz önündə oynayırdıq”. 90plus.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ”la oyundan sonra deyib. O, komandasının 2:3 hesablı məğlub olduğu matçı belə şərh edib: “Məncə, maraqlı oyun oldu. Yəqin ki, azarkeşlər də meydandakı futboldan zövq ala bildilər. Təbii ki, sonda buraxdığımız qol, diqqətsizlik pis təsir edir. Amma ümumilikdə futbolçularımdan razı qaldım. Bu tempi saxlamaq vacibdir. Qardaşı bizi çox çətin mübarizə gözləyir. Rəqibə isə uğurlar arzulayıram”. Ayxan Abbasov yeni transferlərin komandaya günü-gündən daha çox uyğunlaşdıqlarını bildirib: “Denis Marandiçi bizimlə birgə təlim-məşq toplanışında olub. Komandaya uyğunlaşdığı hiss olunur. Sadəcə oyun praktikasının azlığından əziyyət çəkdiyi üçün hələ ki 90 dəqiqə meydanda tam gücü ilə mübarizə aparmağa hazır deyil. Bu gün, məncə, ən yaxşılardan idi. Belajdi Pusi 1 həftədir ki, komandaya qoşulub. Lakin bu gün ona da şans verdik ki, çempionatımızı hiss etsin. Komandada rəqabət olmalıdır”. Mütəxəssis müdafiədəki boşluqlarla, arxa xətt oyunçularının diqqətsizliyi ilə bağlı sualı belə cavablandırıb: “Qışa qədər ən yaxşı cəhətlərimizdən biri o idi ki, standart vəıziyyətlərdə yaxşı oynayırdıq. Lakin bu gün təəəsüf ki, rəqib hər 3 qolu başla vurdu. Demək ki, daha çox işləməliyik, daha çox çalışmalıyıq. Həmçinin, bəzi futbolçularımız daha diqqətli olmalıdırlar. “Qarabağ”a qarşı hücumda oynasan, müdafiədə belə səhvlər olacaq. Gələcək üçün, inkişaf üçün bəzi risklərə getməliyik. Komandada rəqabət var”