"Fransa Açıq"da Zverev və Buasson 1/4 finala yüksəldi
Mövsümün ikinci "Qrand Slam" tennis turniri olan "Fransa Açıq"da (Roland Qarros) 1/4 final mərhələsinə yüksələn növbəti iştirakçılar müəyyənləşib.
90plus.az xəbər verir ki, Parisdə keçirilən turnirin 9-cu günündə 4-cü mərhələnin oyunları baş tutub.
Zverevə asan qələbə
Kişi tək yarışında ötən ilin finalçısı, Almaniyalı Aleksandr Zverev (3 nömrəli seriya başı), ikinci setdə 3:0 hesabı ilə öndə olarkən rəqibi, Niderland təmsilçisi Tallon Qrikspoorun oyunu davam etdirə bilməməsi səbəbilə birbaşa 1/4 finala yüksəldi.
Zverev növbəti mərhələdə Kameron Norri ilə Novak Cokoviç (6 nömrəli seriya başı) arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.
Boassondan böyük sürpriz
Qadınlar tək kateqoriyasında isə turnirə xüsusi dəvətlə qatılan Fransa təmsilçisi Luua Buasson (Loïs Boisson), günün ən böyük sürprizinə imza atdı. O, dünya reytinqində 3-cü yerdə qərarlaşan amerikalı tennisçi Cessika Pegulanı 2:1 (3-6, 6-4, 6-4) hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazandı.
Buasson bu mərhələdə rusiyalı tennisçi Mirra Andreyeva (6 nömrəli seriya başı) ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved