İspaniyada Piastri hamıdan sürətli oldu
"MekLaren" pilotu Piastri İspaniya Qran Prisində qələbə qazandı.
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatında mövsümün 9-cu mərhələsi olan İspaniya Qran Prisində qələbə "MekLaren" komandasının avstraliyalı pilotu Oskar Piastriyə qismət olub.
Barselona şəhərində yerləşən 4,65 kilometr uzunluğundakı "Barselona-Kataloniya" trasında keçirilən yarışa poul mövqeyindən başlayan Piastri liderliyini qoruyaraq finiş xəttini birinci keçdi. Onun komanda yoldaşı, britaniyalı Lando Norris isə yarışı ikinci sırada tamamladı.
Yarışın son dövrlərində "Mersedes" pilotu Kimi Antonellinin çınqıllı bölgəyə çıxması nəticəsində trasda təhlükəsizlik avtomobili meydana daxil oldu. Təhlükəsizlik avtomobilindən sonra yaşıl bayraqla davam edən yarışda "Ferrari" pilotu Şarl Lekler hücuma keçərək "Red Bull" pilotu Maks Ferstappeni geridə qoydu və üçüncü pilləni ələ keçirdi. Beləliklə, Ferstappen yarışa üçüncü yerdən başlasa da, podiumdan kənarda qaldı.
Ferstappen ilə "Mersedes" pilotu Corc Rassell arasında baş verən toqquşmadan sonra hollandiyalı pilot 10 saniyəlik cərimə aldı və nəticədə 10-cu yerə qədər gerilədi. Rassell isə bu hadisədən sonra yarışı dördüncü sırada tamamladı.
Beləliklə, "MekLaren" pilotu Piastri mövsümdə Çin, Bəhreyn, Səudiyyə Ərəbistanı və Mayami Qran Prilərindən sonra beşinci qələbəsini əldə etdi və pilotlar sıralamasında liderliyini qorudu.
Mövsümün növbəti yarışı 15 iyun tarixində keçiriləcək Kanada Qran Prisi olacaq.
© Copyright 2026, All Rights Reserved