Monakoda gülən pilot Lando Norris oldu
Formula 1 Dünya Çempionatının 8-ci mərhələsi olan Monako Qran-Prisini MakLaren komandasının Böyük Britaniyalı pilotu Lando Norris qələbə ilə başa vurub.
90plus.az xəbər verir ki, dünyanın ən məşhur və çətin şəhər traslarından biri olan, “Circuit de Monaco” adı ilə tanınan 3,3 kilometrlik Monte Karlo trasında baş tutan yarış 78 dövrə üzərində keçirilib.
Bu mövsümdə ikinci qələbəsini qazanan Norris yarışı 1 saat 40 dəqiqə 33.843 saniyəlik nəticə ilə lider olaraq tamamlayıb. Ferrari komandasının Monakolu pilotu Şarl Lekler Norrisdən 3.131 saniyə geridə ikinci yerdə qərarlaşıb. McLaren-in digər pilotu, avstraliyalı Oskar Piastri isə liderdən 3.658 saniyə geri qalaraq üçüncü olub.
Yarış zamanı bəzi qəza və texniki nasazlıqlar da yaşanıb. Alpine pilotu Pyer Qasli Red Bull-dan Yuki Tsunoda ilə 8-ci dövrədə toqquşaraq mübarizədən kənar qalıb. Əfsanəvi pilotlardan biri olan Fernando Alonso isə 38-ci dövrədə Aston Martin bolidində yaranan mühərrik problemi səbəbilə yarışı dayandırıb.
Növbəti yarış – mövsümün 9-cu mərhələsi olan İspaniya Qran-Prisi 1 iyun tarixində keçiriləcək.
Monako Qran-Prisindən sonra pilotlar və komandalar reytinqinin ilk beşliyi:
Pilotlar:
1. Oskar Piastri (Avstraliya) – 161 xal
2. Lando Norris (Böyük Britaniya) – 158 xal
3. Maks Ferstappen (Hollandiya) – 136 xal
4. Corc Rassel (Böyük Britaniya) – 99 xal
5. Şarl Lekler (Monako) – 79 xal
Komandalar:
1. MakLaren – 319 xal
2. Mersedes – 147 xal
3. Red Bull – 143 xal
4. Ferrari – 142 xal
5. Uilliams – 54 xal
© Copyright 2026, All Rights Reserved