Novak Cokoviçdən tarixi rekord – 100-cü çempionluq!
Serbiyalı əfsanəvi tennisçi Novak Cokoviç “Cenevrə Açıq” turnirində qazandığı qələbə ilə ATP təkbətək turnirlərində 100-cü çempionluğuna imza atdı.
90plus.az xəbər verir ki, bu uğurla yanaşı, Cokoviç ardıcıl 20 il turnir qazanan ilk tennisçi olaraq da tarixə düşdü.
Finalda polşalı Hubert Hurkaç üzərində 2–1 hesabı ilə qalib gələn Cokoviç ot, torpaq və sərt kort fərqi qoymadan qazandığı titullarla dünya tennisinə damğasını vurmağa davam edir.
Bu nailiyyətlə Cokoviç Cimmi Konnors (109) və Roger Federerdən (103) sonra ATP tarixində 100 çempionluq yaşayan üçüncü tennisçi oldu. Onun bu uğuru təkcə statistik deyil, həm də iradə, fiziki hazırlıq və mental gücün simvoluna çevrilib.
Cokoviç ATP turundakı ilk təkbətək çempionluğunu 2006-cı ildə “Hollandiya Açıq” turnirində 19 yaşında əldə edib. Finalda çilili Nikolas Massunu məğlub edərək ilk titulunu qazanmışdı.
Əfsanə tennisçi 10 Avstraliya Açıq, 7 Uimbldon, 4 ABŞ Açıq, 3 Fransa Açıq titulu ilə ümumilikdə 24 Qrand Slam qələbəsi əldə edərək bu sahədə dünya rekordçusudur. Bu rekordla o, Avstraliyalı Marqaret Kort ilə birinciliyi paylaşır.
Cokoviç bütün Qrand Slam turnirlərini ən az 3 dəfə qazanan yeganə tennisçidir və bu uğura 3 dəfə “kariyera Qrand Slam” edərək çatıb.
Paris 2024 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal, Cokoviçə “kariyera qızıl slam” titulunu qazandırdı. O, həmçinin 9 fərqli Masters turnirini ən az 2 dəfə qazanan yeganə tennisçidir
© Copyright 2026, All Rights Reserved