“Ədalətli rəqabət üçün bu amillər nəzərə alınmalıdır” Ramiz Məmmədiv
Ramiz Məmmədov hakimdən narazı qaldı: “Bu oyunda Tural Qurbanovun iştirakı yersiz idi”.
90plus.az xəbər verir ki, 2026/27 mövsümündə Misli Premyer Liqasında çıxış etmək uğrunda keçirilən pley-off görüşündə “Mingəçevir” “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olaraq elitaya yüksəlmək şansını əldən verib.
Oyundan sonra keçirilən mətbuat konfransında “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov qarşılaşmanı dəyərləndirib və hakim idarəçiliyinə etirazını bildirib.
Təcrübəli mütəxəssis bildirib ki, karyerası ərzində hakimlərlə bağlı ciddi narazılıq səsləndirməsə də, bu oyunda verilən qərarlar onu qane etməyib:
“Adətən hakimlik barədə danışan məşqçi deyiləm. Ancaq düşünürəm ki, bu oyunda Tural Qurbanovun təyinatı düzgün qərar deyildi. Meydanda epizodların əksəriyyətində cərimə zərbələri bizim əleyhimizə verilirdi”.
Məmmədov komandasının mübarizədən sonadək əl çəkmədiyini vurğulayıb:
“Futbolçularım sona qədər döyüşdülər. Oyunda imkanlarımız da oldu. Təəssüf ki, onlardan yararlana bilmədik və nəticə istədiyimiz kimi olmadı”.
Baş məşqçi həmçinin I Liqa təmsilçiləri ilə Premyer Liqa klubları arasındakı imkan fərqinə diqqət çəkib. Onun sözlərinə görə, maliyyə və heyət keyfiyyəti baxımından üstün olan komandalarla mübarizədə daha balanslı şərait yaradılmalıdır:
“I Liqa klubu ilə Premyer Liqa təmsilçisi arasında həm büdcə, həm də futbolçu keyfiyyəti baxımından ciddi fərq var. Ədalətli rəqabət üçün bu amillər də nəzərə alınmalıdır”.
Beləliklə, “Qəbələ” pley-off mərhələsini uğurla başa vuraraq Misli Premyer Liqasındakı yerini qoruyub, “Mingəçevir” isə növbəti mövsümdə də I Liqada çıxış edəcək.
© Copyright 2026, All Rights Reserved