Karate tariximizə adını yazan Mədinə şəhid övladı imiş
Azərbaycan karate tarixində yeni səhifə yazan, Frankfurtda böyüklər arasında Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Mədinə Sadıqova təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançımız turnir ərzində bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Bununla da Mədinə Sadıqova böyüklər arasında Avropa çempionluğu qazanan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Qələbədən sonra duyğularını bölüşən karateçi uğurunu şəhid atası – Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş kapitan Vasif Sadıqova həsr etdiyini deyib:
“Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edim. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı və himni Avropada tanıdıram”.
Mədinənin bu uğuru Azərbaycan idmanı üçün təkcə medal yox, həm də böyük qürur mənbəyi kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved