U-15 güləş millimizdən 6 Avropa medalı
Azərbaycanın U-15 sərbəst güləş millisi Avropa çempionatını möhtəşəm nəticə ilə başa vurub.
90plus.az xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində təşkil olunan qitə birinciliyində yığmamız ümumilikdə 6 medal qazanaraq diqqətləri üzərinə çəkib.
Son yarış günündə daha 5 güləşçimiz fəxri kürsüyə yüksəlib. Turnirin ən parlaq çıxışlarından birinə Yusif Abdullayev imza atıb. 38 kq çəki dərəcəsində çıxış edən idmançı finala qədər bütün rəqiblərini vaxtından əvvəl məğlub edib. O, həlledici görüşdə də üstün performans nümayiş etdirərək gürcüstanlı Rezi Yobidzeyə 10:0 hesabı ilə qalib gəlib və Avropa çempionu olub.
Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikovla bacarmayıb. Gərgin keçən qarşılaşma 4:15 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb və təmsilçimiz gümüş medalla kifayətlənib.
44 kq-da mübarizə aparan Məhəmməd Kərimov isə bürünc medal görüşündə belaruslu Aleksandr Hamovu 16:6 hesabı ilə üstələyərək fəxri kürsüyə qalxıb.
Digər finalçı Adəm Quliyev (52 kq) rusiyalı Badruddin Maqomedovla dramatik qarşılaşmada 7:9 hesabı ilə məğlub olub və yarışı ikinci pillədə tamamlayıb.
Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinova 5:0 hesabı ilə qalib gəlib.
Qeyd: Bundan əvvəl Elvin Nəcəfzadə (85 kq) də qızıl medal qazanaraq Azərbaycanın hesabına daha bir çempionluq yazdırmışdı.
© Copyright 2026, All Rights Reserved