Dördqat Olimpiya çempionu karyerasını başa vurdu
90plus.az xəbər verir ki, Avstraliyalı məşhur üzgüçü Ariarne Titmus karyerasını başa vurduğunu açıqlayıb. Cəmi 25 yaşı olan dördqat Olimpiya çempionunun bu qərarı həm ölkəsində, həm də beynəlxalq üzgüçülük ictimaiyyətində təəccüblə qarşılanıb.
“Artıq içimdə o atəşi hiss etmirəm” – deyə Titmus qərarını açıqlayıb. O, uzun müddət Los Anceles 2028 Yay Olimpiya Oyunlarında yenidən qızıl medallar uğrunda mübarizə aparmağı planlaşdırırdı, lakin fikrini dəyişərək idmandan uzaqlaşmağa qərar verib.
Karyerası ərzində 4 qızıl, 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 8 Olimpiya medalı qazanan Titmus, üzgüçülük dünyasının ən parlaq ulduzlarından biri kimi tanınırdı. O, Paris 2024-də 400 metr sərbəst üzdə Katie Ledecky və Summer McIntosh kimi güclü rəqiblərini geridə qoyaraq birinci olmuşdu. Həmin yarış tarixə “əsrin yarışı” kimi düşmüşdü.
Titmus bildirib ki, indi şəxsi həyatına və sevdiklərinə daha çox vaxt ayırmaq istəyir:
“Uzun illərdi yalnız hədəflərimə fokuslanmışam. İndi isə bir az da yaşamaq istəyirəm. Bu qərarın düzgün olduğuna inanıram.”
Paris Olimpiadasından sonra istirahətə çəkilən Titmus bir müddət məşqlərə qayıtmasa da, rəsmi olaraq karyerasını bitirdiyini bu gün açıqlayıb.
© Copyright 2026, All Rights Reserved