İspan pilot Yaponiyada çempionluğunu rəsmiləşdirdi
90plus.az xəbər verir ki, MotoGP Dünya Çempionatının 17-ci mərhələsi – Yaponiya Qran Prisini ikinci yerdə başa vuran "Dukati Lenovo" komandasının ispan pilotu Mark Markes mövsümün çempionu olub.
Motosiklet yarışlarının ən prestijli turnirində növbəti mərhələ Yaponiyanın Motegi trasında baş tutub. Yarış 24 dövrədən ibarət olub.
Finiş xəttini 42 dəqiqə 09.312 saniyəlik nəticə ilə birinci keçən Markesin komanda yoldaşı Françesko Banyaya yarışı qələbə ilə tamamlayıb. Buna baxmayaraq, 4.196 saniyə fərqlə ikinci olan Markes toplam xallar baxımından rəqiblərini qabaqlayaraq karyerasında 7-ci dəfə dünya çempionu tituluna yiyələnib.
"Honda HRC Castrol" komandasının digər ispan pilotu Xoan Mir isə liderin 6.858 saniyə gerisində üçüncü yeri tutub.
32 yaşlı Markes mövsümün başa çatmasına hələ 5 yarış qalmış çempionluğunu təmin edib. O, yarışdan sonra keçirdiyi emosional açıqlamada bunları deyib:
"Danışmaq belə mümkün deyil. Sadəcə bu anın dadını çıxarmaq istəyirəm, amma doğrudur, çox çətin oldu. İndi isə nəhayət, özümlə barışa bilirəm."
Mövsümün 18-ci yarışı – İndoneziya Qran Prisi oktyabrın 5-də keçiriləcək.
Mark Markes (İspaniya) – 541 xal
Aleks Markes (İspaniya) – 340 xal
Françesko Banyaya (İtaliya) – 274 xal
Marko Bezzekki (İtaliya) – 242 xal
Franko Morbidelli (İtaliya) – 196 xal
© Copyright 2026, All Rights Reserved