Laporta UEFA-nın geri çevirdiyi şikayətdən yenə şikayət edəcək
“Barselona” UEFA-ya yenidən şikayət edəcək – Laporta hakim qərarlarını sərt tənqid etdi.
90plus.az xəbər verir ki, “Barselona” klubunun prezidenti Joan Laporta hakim və VAR qərarları ilə bağlı UEFA-ya yeni şikayət hazırlanacağını açıqlayıb.
Klub rəhbəri bildirib ki, ötən həftə quruma təqdim olunan şikayət UEFA tərəfindən “qəbulolunmaz” hesab edilib. Buna baxmayaraq, katalonlar geri çəkilmək niyyətində deyil.
Laporta açıqlamasında xüsusilə Çempionlar Liqasındakı son qarşılaşmalarda verilən qərarların oyuna ciddi təsir etdiyini vurğulayıb:
“Biz bunu qəbul edə bilmərik. Artıq UEFA-ya şikayət etmişik və düşünürəm ki, yenidən şikayət edəcəyik”.
O, həmçinin rəqib “Atletiko Madrid”i təbrik etsə də, hakim idarəçiliyini kəskin tənqid edib:
“‘Atletiko Madrid’i təbrik edirəm, amma hakim və VAR qərarları biabırçılıq idi. Bizə etdikləri qəbuledilməzdir”.
Laportanın sözlərinə görə, ilk oyunda “Barselona”nın xeyrinə açıq penalti verilməyib və Pau Kubarsinin epizodunda qərar səhv olub. Klub prezidenti cavab oyununda da bir neçə mübahisəli məqamın yaşandığını qeyd edib:
“Dünən Erik Qarsiyaya verilən qırmızı vərəqə yanlışdır. Kundé topu qazanmağa hazır idi, o sonuncu müdafiəçi deyildi”.
Bundan əlavə, Ferran Torresin ikinci qolunun ləğv edilməsinin səhv olduğunu deyən Laporta, Dani Olmoya qarşı penalti epizodunun da nəzərə alınmadığını bildirib. O, Ferminin üzündən ciddi zədə almasına baxmayaraq, hakim tərəfindən hətta sarı vərəqə də verilmədiyini vurğulayıb.
“Kim deyirsə ki, ‘Barcelona’ hakimlərdən xüsusi münasibət görür, utanmalıdır”, – deyə klub prezidenti əlavə edib.
Laporta sonda baş verənləri “biabırçılıq” adlandıraraq bildirib ki, klub bu vəziyyətlə barışmaq niyyətində deyil:
“Bizə etdikləri rüsvayçılıqdır. Bu, qəbul edib yolumuza davam edə biləcəyimiz bir şey deyil”.
Qeyd: Məsələ ilə bağlı UEFA tərəfindən hələlik rəsmi əlavə açıqlama verilməyib.