“Nəticələrə görə üzr istəyirəm”
“Sumqayıt”dan minimal qələbə – Sxadadze üzr istədi, İliç 3 xala sevindi... Baş məşqçilərin şərhləri gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turunda “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze nəticədən narazı qaldığını bildirib. O, komandasının oyun baxımından üstün olduğunu, lakin qol epizodlarından yararlana bilmədiyini deyib:
“Üstünlük bizim tərəfimizdə idi. Amma yaratdığımız fürsətləri dəyərləndirə bilmədik. Hücumların sonunda soyuqqanlılıq çatmadı”.
Gürcü mütəxəssis həmçinin komandanın Premyer Liqada qalmaq uğrunda mübarizəsinə toxunub və azarkeşlərdən üzr istəyib:
“Qarşıdakı oyunlarda elitada qalmaq üçün əlimizdən gələni etməliyik. Bizi bu vəziyyətdə dəstəksiz qoymayan azarkeşlərimizə təşəkkür edirəm və nəticələrə görə üzr istəyirəm”.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə qələbəyə baxmayaraq, oyundan tam razı qalmadığını vurğulayıb. O, uzun fasilədən sonra qazanılan 3 xalın sevindirici olduğunu qeyd edib:
“Oyundan tam razı deyiləm, amma uzun müddətdən sonra qalib gəldiyimiz üçün çox sevinirik”.
İliç görüşdə erkən əvəzlənən Nikola Ninkoviçin performansına da münasibət bildirib. Baş məşqçi futbolçunun həm oyunundan narazı qaldığını, həm də fiziki yorğunluğun qərarına təsir etdiyini açıqlayıb:
“Ninkoviç bizim üçün vacib oyunçudur. Amma bu gün çıxışı istədiyim kimi deyildi, üstəlik yorulmuşdu. Buna görə onu əvəzlədim”.
Bu nəticə ilə “Sumqayıt” vacib qələbə qazanaraq mövqeyini yaxşılaşdırıb, “Qəbələ” isə elitada qalmaq uğrunda mübarizəni davam etdirir.
© Copyright 2026, All Rights Reserved