Arteta: “ 140 illik tarixdə ilk dəfə bacardıq”
Arteta: “Bu, tariximizdə ilk dəfədir – ardıcıl ÇL yarımfinalları”.
90plus.az xəbər verir ki, "Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın UEFA Çempionlar Liqasında yarımfinala yüksəlməsini “klub tarixində böyük an” kimi dəyərləndirib.
London klubu 1/4 final mərhələsində “Sportinq”i iki oyunun cəmində 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. İlk oyunda əldə olunan minimal üstünlük cavab matçının taleyini həll edib.
Arteta bu uğurun klub tarixində xüsusi yer tutduğunu bildirib:
“Bu, böyük bir andır. 140 illik tarixdə ilk dəfə ardıcıl iki mövsüm Çempionlar Liqasının yarımfinalına yüksəlmişik. Bu komandaların bir hissəsi olmaq çox özəldir”.
“Arsenal” tarix yazır
“Arsenal” bu nəticə ilə Çempionlar Liqasında ardıcıl ikinci dəfə yarımfinala yüksəlib. Klub daha əvvəl bu mərhələyə yalnız 2005/06 və 2008/09 mövsümlərində çatmışdı.
Arteta komandasının Avropada atdığı addımların önəmli olduğunu vurğulayıb:
“Biz elə addımlar atırıq ki, bu klub 140 ildir bunu etməmişdi”.
“Dünən Deklan Rays tam tükənmişdi – bu gün oynamaq üçün heç bir şansı yox idi… amma o, 94 dəqiqə oynadı”.
Yarımfinal rəqibi
“Arsenal” yarımfinalda “Atletiko Madrid”lə qarşılaşacaq. Arteta bu duellə bağlı da danışıb:
“İki sehrli gecə olacaq – biri Madriddə, biri burada”.
Cavab matçında “Arsenal”ın hücum baxımından zəif çıxış etməsi ilə bağlı suallara isə o, belə cavab verib:
“Qol vurmaq üçün imkanlarımız oldu, amma istifadə edə bilmədik. Bu səviyyədə nəticə qazanmaq üçün lazım olanı etməlisən”.
© Copyright 2026, All Rights Reserved