Belçika Qran-Prisində Piastridən qələbə
Belçika Qran-Prisində avstraliyalı pilot Oskar Piastri komanda yoldaşı və əsas çempionluq rəqibi olan Lando Norrisi geridə qoyaraq əhəmiyyətli bir qələbə qazandı. "Spa-Francorchamps" trasında keçirilən bu çətin yarışda həm yaş, həm də quru hava şəraiti pilotları ciddi sınağa çəkdi.
90plus.az xəbər verir ki, yarışın startı güclü yağış səbəbilə təxminən 80 dəqiqə gecikdi. Beşinci dövrədə Eau Rouge çıxışında Norrisi geridə qoyan Piastri Kemmel düzündə sürət fərqini artıraraq liderliyi ələ aldı.
Pistdə suyun çəkilməsi ilə birlikdə strateji pit-stoplar ön plana çıxdı. Piastri 12-ci dövrədə orta ymşaq təkərlərə keçdi, Norris isə bir dövrə sonra sərt təkərlərlə pitə daxil oldu və trasda komanda yoldaşının 9 saniyə gerisində döndü.
Yarışın sonlarında Norris fərqi 3,1 saniyəyə qədər endirsə də, sondan bir əvvəlki dövrədə La Source döngəsində etdiyi xırda səhv nəticəsində aradakı fərq yenidən açıldı. Nəticədə Piastri 3,4 saniyəlik üstünlüklə finiş xəttini birinci keçdi.
Qalib ikili üçüncü yeri tutan Şarl Leklerə böyük fərq atdı. Ferrari pilotu Piastridən 20 saniyə geridə yarışı tamamladı və şənbə günü sprint yarışının qalibi olan Red Bull sürücüsü Maks Verstappeni arxasında saxlamağı bacardı. Verstappen podyumu cəmi 1,5 saniyə fərqlə əldən verdi.
© Copyright 2026, All Rights Reserved