Kevin Dürant PSJ-nin şərikli sahibi oldu
NBA ulduzu Kevin Dürant Fransa çempionu “Pari Sen-Jermen” klubunun səhmlərinin bir hissəsini alaraq klubun şərikli sahiblərindən birinə çevrilib.
90plus.az xəbər verir ki, Qətər İdman İnvestisiyaları (QSI) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu investisiya Düranta klubun multisport (çoxnövlü idman) strategiyası üzrə məsləhətçi kimi çıxış etməyə imkan verəcək. Buraya “PSJ”nin genişlənmə planları da daxildir.
Qeyd: "Pari Sen-Jermen” futbol klubu ilə yanaşı həndbol və cüdo komandalarına da sahibdir və klub qeyri-futbol sahələrində də mövqeyini gücləndirmək niyyətindədir. Kevin Dürantın iştirakı bu istiqamətdə atılan vacib addım kimi qiymətləndirilir.
İkiqat NBA çempionu olan Dürant daha əvvəl də “PSJ”yə yatırım etmişdi – onun “Boardroom” adlı investisiya firması klubun payına sahib idi. İndi isə o, rəsmi olaraq klubun azlıq səhmdarlarından biri kimi tanınır.
36 yaşlı basketbolçu “Forbes” jurnalının son siyahısına əsasən, ötən il 101.4 milyon dollarlıq gəlirlə dünyanın ən çox qazanan 10 idmançısı sırasına düşüb.
© Copyright 2026, All Rights Reserved