Lempard 25 il sonra bu klubu Premyer Liqaya qaytardı
“Koventri Siti” 25 ildən sonra Premyer Liqaya qayıtdı.
90plus.az xəbər verir ki, "Koventri Siti” 25 illik fasilədən sonra İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Frenk Lempardın rəhbərlik etdiyi komanda mövsümün bitməsinə üç tur qalmış birbaşa yüksəlişi rəsmiləşdirib.
Klub son dəfə 2001-ci ildə Premyer Liqadan düşmüşdü. Həmin il 5 may tarixində “Aston Villa”ya 2:3 hesabı ilə məğlubiyyətdən sonra “Koventri Siti” elitadan uzaqlaşmışdı.
Bundan sonra klub uzun və çətin bir dövr yaşayıb. “Səma Maviləri” 11 il Çempionşipdə çıxış edib, daha sonra aşağı liqalara düşüb və hətta inzibati idarəetmə ilə üzləşib. Bu illər ərzində stadion problemləri, maliyyə böhranı və azarkeş etirazları klubun gündəmini zəbt edib.
2013-cü ildə inzibati idarəetməyə keçən klub daha sonra dördüncü liqaya qədər geriləyib. 2023-cü ildə yeni sahib Doug King-in gəlişindən sonra isə vəziyyət tədricən yaxşılaşmağa başlayıb.
Frenk Lempardın baş məşqçiliyi altında komanda bu mövsüm sabit və güclü çıxış nümayiş etdirərək yüksək yerləri təmin edib və nəhayət Premyer Liqaya qayıdışı rəsmiləşdirib.
Son turda “Blekbörn Rovers” ilə 1:1 hesablı heç-heçə edən “Koventri Siti” birbaşa yüksəlişi təmin edib və azarkeşlərinə böyük sevinc yaşadıb.
Beləliklə, klub 25 illik fasilədən sonra yenidən İngiltərə futbolunun ən yüksək səviyyəsinə qayıdıb.
© Copyright 2026, All Rights Reserved