PSJ-dən Alvares bombası! 200 miıyon avroluq
PSJ-dən Xulian Alvares bombası: 200 milyon avroluq transfer gündəmdə!
90plus.az xəbər verir ki, "Paris Sen-Jermen" yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün diqqətini Xulian Alvaresə yönəldib.
Fransa nəhənginin baş məşqçisi Luis Enrikenin argentinalı hücumçunun böyük pərəstişkarı olduğu bildirilir. Məlumata görə, PSJ rəhbərliyi futbolçunun transferi üçün bütün imkanlarını səfərbər etməyə hazırlaşır.
Hazırda "Atletiko Madrid" forması geyinən Alvaresin transferi isə heç də asan görünmür. Madrid təmsilçisi 25 yaşlı forvard üçün 200 milyon avro tələb edir və bu məbləğdən aşağı təklifləri nəzərdən keçirmək niyyətində deyil.
Dieqo Simeonenin komandasında uğurlu mövsüm keçirən argentinalı futbolçu 2024/25 mövsümündə 49 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı Avropanın aparıcı klublarının diqqətini çəkib.
PSJ-də Alvares üçün xüsusi rol nəzərdə tutulduğu bildirilir. Luis Enrike hücum xəttini Xviça Kvaratsxeliya və Usman Dembele ilə birlikdə argentinalının üzərində qurmaq istəyir. Komandada Bredli Barkola və Dezire Due kimi alternativlərin də qalacağı qeyd olunur.
Transfer uğrunda mübarizədə "Barselona"nın adı hallansa da, Kataloniya klubunun maliyyə vəziyyətinin bu keçidi reallaşdırmağı çətinləşdirdiyi vurğulanır. Bu səbəbdən PSJ transfer üçün əsas favorit hesab olunur.
Qeyd: Paris təmsilçisi Alvaresi daha əvvəl, futbolçu "Mançester Siti"də çıxış edərkən də heyətinə qatmağa çalışmışdı. Lakin argentinalı hücumçu həmin vaxt Madrid klubunu seçmişdi.
© Copyright 2026, All Rights Reserved