"Uimbldon"da ilk finalçı – Karlos Alkaras
Mövsümün üçüncü "Böyük dəbilqə" turniri olan "Uimbldon"da kişi təkli yarışlarının yarımfinal mərhələsində ABŞ təmsilçisi Teylor Fritsi 3:1 hesabı ilə məğlub edən son iki ilin qalibi Karlos Alkaras finala yüksəlib.
90plus.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən nüfuzlu turnirin yarımfinal görüşü 2 saat 49 dəqiqə davam edib. Dünyanın 2 nömrəli tennisçisi olan ispaniyalı Karlos Alkaras, ATP reytinqində 5-ci pillədə qərarlaşan amerikalı Teylor Fritsi 6–4, 5–7, 6–3 və 7–6 hesablı setlərlə məğlub edib.
Beləliklə, Alkaras ardıcıl üçüncü dəfə "Uimbldon" finalında oynamaq hüququ qazanıb və titulunu qorumağa bir addım daha yaxınlaşıb.
Qeyd: "Avstraliya Açıq", "Fransa Açıq" (Roland Garros), "ABŞ Açıq" və "Uimbldon" tennis mövsümünün dörd ən vacib turnirindən hesab olunur. "Uimbldon"da kişi təkli yarışlarının finalı 13 iyul – bazar günü keçiriləcək.
© Copyright 2026, All Rights Reserved