42 yaşında karyerasını bitirdi, dərhal məşqçi oldu
Dante 42 yaşında karyerasını başa vurdu – "Bayern Münhen U23"də məşqçiliyə başlayır.
90plus.az xəbər verir ki, Dante uzun və uğurlu futbol karyerasını 42 yaşında rəsmən başa vurub. Braziliyalı müdafiəçi son oyununu "Nitsa" forması ilə keçirərək futbola vida edib.
Son matçda "Nitsa" öz meydanında "Sent-Etyen" üzərində 4:1 hesablı qələbə qazanıb və bu nəticə komandanın Liqa 1-də qalmasını təmin edib. Dante bu görüşdə komandanın kapitanı kimi meydana çıxıb və 78 dəqiqə oynayıb. Yaşanan uğura baxmayaraq, oyun azarkeşsiz keçirilib.
Dante karyerasının son illərini məhz "Nitsa" klubunda keçirib və bu müddətdə komandanın liderlərindən biri olub. Lakin zədələr səbəbindən bu mövsüm bütün turnirlərdə cəmi 19 oyunda iştirak edə bilib.
Braziliyalı futbolçu Avropada uzun illər çıxış edib və xüsusilə Almaniya karyerası ilə yadda qalıb. O,"Bayern Münhen" və "Borussiya Mönhenqladbax" kimi klublarda çıxış edərək böyük uğurlar qazanıb. "Bayern Münhen"də isə 2012/13 mövsümündə “trebl” qazanan tarixi komandanın bir hissəsi olub.
Karyerası ərzində Dante ümumilikdə demək olar ki, 800-ə yaxın matç keçirib və bunun 202-si Bundesliqada olub. O, həmçinin Almaniya Kuboku, Bundesliqa, UEFA Superkuboku, Klub Dünya Kuboku və digər bir çox titullar qazanıb.
Karyerasını başa vurduqdan sonra Dante məşqçilik yoluna qədəm qoyur. Məlumata görə, o, növbəti mövsümdən "Bayern Münhen U23" komandasının baş məşqçisi kimi fəaliyyətə başlayacaq.
© Copyright 2026, All Rights Reserved