Asiya Çempionlar Liqasında qalib bəllidir
“Əl-Əhli” tarix yazdı: ardıcıl ikinci il titulu aldı.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Əhli” Asiya Çempionlar Liqasında ardıcıl ikinci dəfə qalib olub. Ciddədə keçirilən final qarşılaşmasında komanda Yaponiyanın “Maçida Zelviya” klubunu 1:0 hesabı ilə məğlub edərək titulunu qoruyub.
Gərgin və emosiyalarla zəngin keçən oyunun əsas vaxtında qol vurulmayıb. Qarşılaşmanın taleyini əlavə vaxtda vurulan qol həll edib. Səudiyyə millisinin hücumçusu Firas əl-Buraikan 96-cı dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
“Əl-Əhli” matçın böyük hissəsini azlıqda keçirib. Komanda 68-ci dəqiqədə Ziyad əl-Havsavinin qırmızı vərəqə alması ilə 10 nəfərlə qalıb. Buna baxmayaraq, yapon təmsilçisi say üstünlüyündən yararlana bilməyib. Oyunun son dəqiqələrində isə “Əl-Əhli”dən Məhəmməd Abdulrahman da qırmızı vərəqə görüb.
İlk hissədə qol epizodları az olsa da, “Əl-Əhli” hesabı aça bilərdi. Braziliyalı vinger Qaleno müdafiəni yararaq təhlükəli zərbə endirsə də, qapıçı Kosey Tani komandasını xilas edib. Fasilə ərəfəsində isə Merih Demiralın yaxın məsafədən zərbəsi qapı xəttindən çıxarılıb.
Beləliklə, “Əl-Əhli” çətin şəraitdə qazandığı bu qələbə ilə Asiya Çempionlar Liqasının kubokunu ardıcıl ikinci dəfə başı üzərinə qaldırıb.
Matçın yekunu:
“Əl-Əhli” 1:0 “Maçida Zelviya”
Qol: Firas əl-Buraikan, 96
Qırmızı vərəqələr: Ziyad əl-Havsavi, 68; Məhəmməd Abdulrahman, 120
© Copyright 2026, All Rights Reserved