Güləşçimiz Avropa qızılını qazandı
Azərbaycan güləşində növbəti böyük uğur qeydə alınıb. Sərbəst güləş üzrə millimizin üzvü İslam Bazarqanov Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
90plus.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda UWW (neytral) bayrağı altında çıxış edən rusiyalı Musa Mextixanov üzərində 8:6 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İslam Bazarqanovun bu nəticəsi ilə Azərbaycan yığmasının Avropa çempionatındakı qızıl medallarının sayı üçə çatıb. Daha əvvəl yunan-Roma güləşi üzrə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) da çempionluq sevinci yaşamışdı.
Bundan başqa, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) yarışı bürünc medalla başa vurub. Yunan-Roma güləşi üzrə milli komanda ümumi hesabda birinci yeri tutub.
Qadın güləşində isə Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal əldə edərək komandaya əlavə uğur qazandırıblar.
© Copyright 2026, All Rights Reserved