“Neftçi” və “Qarabağ” bəyanat yaydı
“Azərbaycan Premyer Liqasında 29-cu turun mərkəzi oyunu olan “Neftçi” – “Qarabağ” qarşılaşması öncəsi hər iki klub azarkeşlərə xüsusi müraciət ünvanlayıb.
90plus.az xəbər verir ki, tərəflər 26 və 30 aprel tarixlərində “Palms Sports Arena”da baş tutacaq oyunlar ərəfəsində stadionda davranış qaydalarına ciddi əməl olunmasını xahiş ediblər.
Klubların ortaq çağırışında qeyd olunur ki, böyük maraqla gözlənilən bu iki derbi üçün bilet satışı davam edir və tribunaların tam dolması gözlənilir. Hər iki komanda isə meydana qələbə üçün çıxacaq.
“Neftçi” və “Qarabağ” rəhbərliyi azarkeşləri emosiyalara qapılmadan, rəqibə və oyunun bütün iştirakçılarına hörmətlə yanaşmağa çağırır. Bildirilir ki, futbolun əsas dəyəri rəqabətlə yanaşı mədəniyyət və ədalətli oyundur.
Müraciətdə vurğulanır ki, meydanda baş verənlər yalnız oyunun içində qalmalı, tribunadakı dəstək isə yalnız pozitiv atmosfer yaratmalıdır. Klublar bu qarşılaşmaların yüksək idman mübarizəsi və dostluq ruhunda keçəcəyinə inandıqlarını bildiriblər.
Qeyd: “Neftçi” – “Qarabağ” oyunu sabah saat 19:00-da “Palms Sports Arena”da start götürəcək.
© Copyright 2026, All Rights Reserved