Avro-2024: Böyük finalın iç üzü
Bu gün AVRO 2024-də nəhəng FİNAL günüdür: İSPANİYA - İNGİLTƏRƏ dueli.
90plus.az hər iki komandanın keçdiyi yolu və özəl cəhətlərini təqdim edir:
2024-cü il futbol üzrə Avropa çempionatının finalında İspaniya və İngiltərə yığmaları üz-üzə gələcək. İspaniya 4-cü, İngiltərə isə ilk Avropa çempionluğunu qazanmaq istəyir.
Bu gün Almaniyanın paytaxtı Berlində Olimpiya Stadionunda oynanılacaq final saat 23:00-da başlayacaq.
Qarşılaşmanı Fransadan olan Fransua Leteksye idarə edəcək.
İSPANİYANIN FİNAL YOLU: Luis de la Fuentenin rəhbərliyi altında İspaniya bütün görüşlərində qalib gələrək finala yüksəlib.
İtaliya, Xorvatiya və Albaniyanın yer aldığı B qrupunda qol buraxmadan 3 oyundan 3 qələbə ilə lider kimi son 16-lığa qalan İspaniya burada Gürcüstanı, əlavə vaxtda isə ev sahibi Almaniyanı mübarizədən kənarlaşdıraraq yarımfinalçı olub.
İspanlar yarımfinalda Fransaya 2:1 hesabı ilə qalib gəlib adını finala yazdırıb.
İNGİLTƏRƏNİN FİNAL YOLU: Baş məşqçi Qaret Sautqeytin rəhbərliyi altında Danimarka, Sloveniya və Serbiyanın yer aldığı C qrupunu 5 xalla lider kimi başa vuran İngiltərə 1/8 finala yüksəlib.
Britaniyalılar son 16-lıqda Slovakiyaya qarşı 90+5-ci dəqiqədə Jud Bellingemin qəşəng qolu ilə hesabı bərabərləşdirib, əlavə vaxtda isə Harri Keynin qolu ilə 1/4 finala yüksəlib.
1/4 finalda əsas və əlavə vaxtı 1:1 bitən görüşdə İsveçrəni penaltilər seriyasında məğlub edən İngiltərə yarımfinala vəsiqə qazanır. İngilislər yarımfinalda Hollandiyaya 90+1 -ci dəqiqədə Uotkinsin qolu ilə 2-1 qalib gələrək finalda İspaniyaya rəqib oldular.
İSPANİYADA HƏDƏF 4-cü ÇEMPİONLUQ:
İspaniya turnirdə dördüncü çempionluğunu, İngiltərə isə ilk çempionluğunu qazanmağı hədəfləyir.
Avrolarda 3 çempionluq ilə xoşbəxt sona çatan 2 komandadan biri olan (digəri Almaniya) İspaniya 5-ci dəfə final oynayacaq. 1964, 2008 və 2012-ci illərdə çempionluğu bayram edən ispanlar, yalnız 1984-cü ildə ikinci olublar.
İNGİLTƏRƏ SİFTƏ ÇEMPİONLUQ ÜÇÜN ALIŞIB-YANIR:
İspaniya kuboku 4-cü dəfə qazanaraq ən çox qələbə qazanan komanda rekordunu hədəfləyirsə, ardıcıl ikinci dəfə finalda mübarizə aparacaq İngiltərə tarixində ilk çempionluq üçün meydana çıxacaq. Londonda keçirilən AVRO-2020-nin final matçında britaniyalılar İtaliyaya penaltilər seriyasında məğlub olmuşdular.
Harri Keyn: "Bu gün çempion olmaq üçün karyeramda qazandığım hər şeyi qurban verərdim."
ONLAR 28-Cİ DƏFƏ ÜZ-ÜZƏ OLACAQLAR:
İspaniya və İngiltərə 28-ci dəfə qarşılaşacaqlar. Daha əvvəl keçirilən 27 matçda İspaniya 10, İngiltərə 13 qələbə qazanıb, 4 matçda isə bərabərlik qeydə alınıb. Qolların sayında İngiltərənin üstünlüyü var:
İngiltərə: 45 qol
İspaniya: 32 qol
Sonuncu dəfə 2018-ci ilin oktyabrında UEFA Millətlər Liqasında Sevilyadakı qarşılaşmada İngiltərə 3-2 hesabı ilə qalib gəlib.
HƏR İKİ KOMANDANIN QOL SİLAHI:
Finala qədər İspaniya və İngiltərənin bombardiri hərəyə üç dəfə fərqlənib. İspaniya millisində Dani Olmo və İngiltərə millisində Harri Keyn AVRO-2024-də hərəyə üç qol vurublar.
https://t.me/doxsanplus/85968
https://t.me/doxsanplus/85929
Qeyd: Avro-2024, Final:
Saat 23:00 İspaniya - İngiltərə
TV: İctimai TV; Match TV; Sportbox.ru; Match! Football 1; matchtv.ru; Match Premier; TRT 1 Turkey
Stadion: Berlin Olimpiya stadionu
Baş hakim: Fransua Leteksye (Fransa).