Dambrauskas: “Onlar qəhrəmandırlar”
Dambrauskasdan mövsüm etirafı: “Onlar qəhrəmandırlar” – “Sabah” iki titulla tarixi mövsümü bağladı.
90plus.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" mövsümü Azərbaycan Kubokunun finalında "Zirə" üzərində 2:1 qələbə ilə tamamladıqdan sonra baş məşqçi emosional açıqlamalar verib.
Litvalı mütəxəssis komandasının uğurunu təkcə finala bağlamayıb, bütün mövsümü xüsusi vurğulayıb:
“Onları bugünkü oyuna görə yox, mövsüm boyu göstərdikləri performansa görə təbrik edirəm. Onlar qəhrəmandırlar.”
Dambrauskas “Sabah”ın keçirdiyi mövsümü “mükəmmələ yaxın” kimi qiymətləndirib:
“Bu mövsüm iki titul qazandıq, 33 oyunda məğlubedilməzlik seriyamız oldu. Liqada dominant idik və çempionluğu bir ay əvvəl təmin etdik.”
Baş məşqçi uğurun təkcə futbolçularla məhdudlaşmadığını da xüsusi qeyd edib:
“Bu, təkcə oyunçuların yox, bütün klubun əməyidir – məşqçilər, həkimlər, meydança işçiləri, hamı.”
Rəqib komanda barədə də danışan Dambrauskas “Zirə”nin oyununu yüksək qiymətləndirib:
“Çox yaxşı komandadırlar. Bu gün də planları aydın görünürdü. Hesabı açdıqdan sonra müdafiəyə çəkildilər. Amma matçdan zövq aldım.”
O, kubok finalında vurulan qolları da ayrıca qiymətləndirib:
“Hər iki qol çox önəmli idi. Biri olmasaydı, qələbə olmayacaqdı. Onlar fantastik qollar idi.”
Məşqçi karyerası ilə bağlı müqayisələrdən isə imtina edib:
“Hər klub mənim üçün özəldir. Müqayisə etmək istəmirəm. Amma “Sabah”da qazandığım uğurlar xüsusi hisslərdir.”
Qeyd: “Sabah” bu mövsüm həm ölkə çempionluğunu, həm də kuboku qazanaraq ikiqat titul əldə edib.
© Copyright 2026, All Rights Reserved