Dünyasöhrətli Halk Hoqan vəfat edib
Məşhur güləşçi Halk Hoqan 71 yaşında vəfat edib.
90plus.az xəbər verir ki, Florida ştatının Klirvoter şəhərində polis orqanlarının verdiyi məlumata görə, cümə axşamı səhər saatlarında ürəktutmadan sonra xəstəxanaya çatdırılan Hoqan orada dünyasını dəyişib.
Əsl adı ilə Terri Bolea olan Hoqan WWE tarixinin ən böyük ulduzlarından biri sayılırdı. O, 1985-ci ildə keçirilən ilk WrestleMania tədbirinin əsas siması olmuş və uzun illər ərzində Andre the Giant, Randy Savage, The Rock, hətta şirkət rəhbəri Vins Makman kimi adlarla qarşılaşmışdı. Karyerası boyunca ən azı altı dəfə WWE çempionluğunu qazanıb və 2005-ci ildə WWE Şöhrət Zalına daxil edilib.
WWE-dən verilən açıqlamada deyilir: “Pop-mədəniyyətin ən tanınan simalarından biri olan Hogan 1980-ci illərdə WWE-nin qlobal arenada tanınmasında mühüm rol oynadı. Onun ailəsinə, dostlarına və pərəstişkarlarına başsağlığı veririk”.
1980-ci illərin ortalarında yaranan və “Hulkamania” adlanan enerji ilə Hoqan peşəkar güləşi əsas axına çıxara bildi. Onun qırmızı-sarı geyimi, at nalı formasında bığları və “24 düymlük pitonlar” adlandırdığı əzələləri ilə yaddaqalan obrazı Amerikalı qəhrəman simvoluna çevrilmişdi.
Son illərdə Halk Hoqan siyasətlə də məşğul olmağa başlamışdı. 2024-cü ildə keçirilən Respublikaçıların Milli Qurultayında Donald Trampın ritorikasını WWE üslubunda təqdim edən Hogan onu coşqu ilə dəstəkləmişdi:
“Trampamaniya coşsun! Trampamaniya yenidən hökm sürsün! Trampamaniya Amerikaya yenidən qüdrət versin!” – deyə o, tribunadan səslənmişdi. Daha sonra üstündə motosikletdəki şəklinin olduğu köynəyi cıraraq altında “Trump-Vance” kampaniyasına aid parlaq qırmızı köynəyi göstərmişdi. Tramp ayağa qalxaraq onu alqışlamışdı.
2016-cı ildə Hoqan şəxsi videonun yayımlanmasına görə Gawker Media-ya qarşı açdığı məhkəməni udmuş və 115 milyon dollar təzminat qazanmışdı. Daha sonra bu məbləğə 25 milyon dollar cərimə əlavə olunmuşdu. O, videonun yayımlanmasının özəl həyatına təcavüz olduğunu bildirirdi.
Hogan 1984-cü ildə o zamankı Dünya Güləş Federasiyasında (WWF) ilk çempion titulunu qazandıqdan sonra peşəkar güləşin populyarlığı sürətlə artmağa başladı. 1985-ci ildə WrestleMania-nın yaradılması və orada Mister T ilə birlikdə “Rowdy” Roddy Piper və “Mr. Wonderful” Paul Orndorff-a qarşı qələbə onun şöhrətini daha da artırdı.
1987-ci ildə WrestleMania III-də Andre the Giant üzərindəki qələbəsi və “Macho Man” Randy Savage ilə olan rəqabəti güləşi daha da zirvəyə daşıdı. 1996-cı ildə WWE və WCW arasında reytinq savaşı zamanı Hogan “Hollywood Hogan” obrazı ilə WCW-nin üstünlüyünü təmin etdi və New World Order fraksiyasının yaradılmasında önəmli rol oynadı.
2002-ci ildə WWE-yə qayıdan Hogan yenidən çempion oldu. WrestleMania X8-də The Rock-a qarşı keçirdiyi, məğlubiyyətlə nəticələnən, lakin izdihamın ona dəstək verdiyi qarşılaşma nəsil dəyişikliyi kimi qəbul olundu.
Halk Hoqan təkcə rinqdəki uğurları ilə deyil, həm də şoumenliyi, “Mean Gene” Okerlund ilə məşhur “promoları” və “Lemme tell ya something, Mean Gene!” ifadəsi ilə də tanınırdı.
O, kino və televiziya sahəsində də fəaliyyət göstərmişdi. 1982-ci ildə “Rocky III” filmində Thunderlips obrazı ilə tamaşaçı qarşısına çıxmışdı.
Halk Hoqan peşəkar güləşin və əyləncə sənayesinin ikonası kimi tarixdə qalacaq.