“Rayo”nun qapıçısı yerə oturaraq faciənin qarşısını aldı
Batallanın diqqəti faciənin qarşısını aldı – Konfrans Liqasının finalı qısa müddətə dayandırıldı.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının finalında “Kristal Pelas” və “Rayo Valyekano” arasında keçirilən qarşılaşma (2:0)gözlənilməz hadisə səbəbindən qısa müddətə dayandırılıb.
Oyunun 36-cı dəqiqəsində hesab 0:0 olarkən tribunada tibbi fövqəladə vəziyyət yaranıb. Hadisəni ilk görən “Rayo Valyekano”nun qapıçısı Auqusto Batalla olub. Argentinalı qolkiper hakimlərin diqqətini çəkmək üçün meydançada yerə oturub və bununla da oyunun dayandırılmasına nail olub.
Baş hakim Mauritsio Mariani dərhal qarşılaşmanı saxlayaraq hər iki komandanın futbolçularına tribunada tibbi yardım tələb edən vəziyyət yarandığını bildirib. Bu zaman stadionun böyük ekranlarında da azarkeşlərə məlumat verilib:
“Tribunada tibbi fövqəladə vəziyyət səbəbindən oyun dayandırılıb. Əlavə məlumat qısa zamanda təqdim olunacaq.”
Fasilə zamanı hər iki komandanın futbolçuları meydanda qalıb. Təxminən iki dəqiqə sonra vəziyyətin nəzarət altına alındığı bildirilib və hakim oyunu yenidən bərpa edib.
Hadisənin dəqiq səbəbi açıqlanmasa da, televiziya kameraları “Rayo Valyekano” azarkeşləri arasında əyləşən bir nəfərə tibbi yardım göstərildiyini qeydə alıb.
Qeyd: “Kristal Pelas” tarixində ilk Avropa kubokunu qazanıb. London klubu ötən mövsüm İngiltərə Kubokunu qazanaraq ilk dəfə Avropa turnirlərinə vəsiqə əldə etmişdi.
© Copyright 2026, All Rights Reserved