Rəşad Sadıxov: "Qurban Qurbanov sərt addım atıbsa, deməli, ciddi əsas var"
Misli Premyer Liqasının 29-cu turunda “Turan Tovuz” və “Zirə” arasında keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra hər iki komandanın baş məşqçiləri oyunu dəyərləndiriblər. Mütəxəssislər həm matçın gedişatı, həm də mövsümün hədəfləri ilə bağlı maraqlı fikirlər səsləndiriblər.
90plus.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyuna yaxşı başladıqlarını vurğulayıb:
“Oyun bizim üçün yaxşı başladı. Erenin iştirakı ilə təhlükəli epizod yaratdıq, daha sonra qol vurduq, lakin ofsayd qeydə alındı”.
O, ilk hissənin müəyyən hissəsində üstünlüyün rəqibdə olduğunu etiraf edib:
“Təxminən 15-30-cu dəqiqələr aralığında üstünlük ‘Turan Tovuz’un tərəfində idi”.
Buna baxmayaraq, komandasının reaksiyasından razı qaldığını bildirib:
“İkinci hissədə komandam daha yaxşı çıxış etdi, oyunun tempini artıraraq hesabı bərabərləşdirməyi bacardı. Hətta önə də keçə bilərdik”.
Sadıqov səfərdə qazanılan bir xalı müsbət nəticə kimi qiymətləndirib:
“Düşünürəm ki, ‘Turan Tovuz’la çətin səfər oyununda qazanılan 1 xal yaxşı nəticədir”.
Baş məşqçi qarşılaşmanın hakimi barədə də danışaraq onun təyinatını dəstəkləyib:
“Rəvan Həmzəzadə daxili çempionatımızın ən təcrübəli və keyfiyyətli hakimlərindən biridir. Bu cür məsuliyyətli oyuna təyinat alması tamamilə normaldır”.
Hakimlik mövzusuna yanaşmasını isə belə izah edib:
“Məğlubiyyət zamanı günahı hakimlərdə axtarmaqdansa, yalnız gözəl futboldan danışmaq lazımdır”.
Sadıqov komandanın mövsüm hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, çempionatda ilk “dördlük” uğrunda ciddi mübarizə gedir:
“Hazırda ‘Araz-Naxçıvan’ və ‘Neftçi’ ilə gərgin rəqabət gedir, eyni zamanda ‘Sumqayıt’ı da bu siyahıdan çıxarmaq olmaz. Turnir cədvəlini 4-cü pillədə başa vurmağı çox istəyirik”.
O, həmçinin Azərbaycan Kubokunun finalını da xüsusi qeyd edib:
“Finalda bizi ‘Sabah’ kimi güclü rəqiblə həlledici matç gözləyir”.
Mütəxəssis Elvin Cəfərquliyevin ehtiyat komandaya göndərilməsi məsələsinə də münasibət bildirib:
“Əgər Qurban Qurbanov belə sərt addım atıbsa, deməli, bunun ciddi əsası var”.
Bununla yanaşı, futbolçunun potensialını yüksək qiymətləndirib:
“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir və ümid edirəm ki, tezliklə hər şey öz yoluna düşəcək”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev isə nəticəni komandasının vəziyyəti fonunda dəyərləndirib:
“Ümumilikdə pis oyun nümayiş etdirmədik. Lakin əsas heyət oyunçularımızın yoxluğu ikinci hissədə özünü göstərdi”.
O, futbolçularının mübarizəsindən razı qaldığını gizlətməyib:
“Meydançada göstərdikləri əzmkar mübarizəyə görə onlara təşəkkürümü bildirdim”.
Təcrübəli mütəxəssis gənclərə şans verilməsi ilə bağlı sualı isə qısa cavablandırıb:
“İstənilən gənc oyunçu əsas komandada oynamaq şansını öz zəhməti və meydandakı çıxışı ilə qazanmalıdır”.
© Copyright 2026, All Rights Reserved