Çempionlar Liqası: Enrike və Harri Keyn danışdı
Çempionlar Liqasında nəhənglərin savaşı: PSJ – “Bayern” yarımfinalı... PSJ-nin baş məşqçisi Luis Enrike qarşılaşma öncəsi iddialı açıqlama verib.
90plus.az xəbər verir ki, o, bu oyunun Avropanın ən güclü iki komandasının dueli olduğunu bildirib:
“Bunlar Avropanın ən yaxşı iki komandasıdır. Bəlkə sabitlik baxımından ‘Bayern’ bir az öndədir, amma göstərdiyimiz oyuna görə bizdən yaxşı komanda yoxdur. Biz buraya nəticə üçün gəlmişik, qələbə istəyirik”.
Statistik proqnozlara görə isə Almaniya təmsilçisi bir qədər üstün sayılır. “Opta” superkompüteri “Bayern”ə çempionluq üçün 35%, PSJ-yə isə 21% şans verir.
Qeyd: Komandalar bu mövsüm artıq üz-üzə gəlib. Həmin oyunda Luis Diasın dublu ilə “Bayern” 2:1 hesablı qələbə qazanmışdı.
Alman klubu oyuna yüksək əhval-ruhiyyədə gəlir. “Bayern” artıq Bundesliqanın çempionu olub. Son turda isə “Maynts” üzərində 4:3 hesablı dramatik qələbə qazanılıb. Həmin görüşdə Harri Keyn, Camal Musiala və Maykl Olise sonradan meydana daxil olaraq qollarla yadda qalıblar.
Bununla belə, “Bayern” bu oyunda baş məşqçisi Vensan Kompanisiz olacaq. Belçikalı mütəxəssis əvvəlki mərhələdə aldığı sarı vərəqəyə görə cəzalıdır və matçı tribunadan izləyəcək.
Komandanın lideri Harri Keyn isə oyundan öncə bunları deyib:
“Baş məşqçimizi meydan kənarında hiss edəcəyik, amma hər şey meydanda həll olunur. Çətin oyun gözləyirik və hazırıq”.
İngiltərə millisinin kapitanı bu mövsüm möhtəşəm formadadır. Keyn bütün turnirlərdə 50 oyunda 56 qol vuraraq Avropanın ən məhsuldar futbolçusuna çevrilib.
Qarşılaşma böyük maraqla gözlənilir. Hər iki komandanın hücum potensialı və yüksək səviyyəli futbolu azarkeşlərə unudulmaz mübarizə vəd edir.
© Copyright 2026, All Rights Reserved