“Xetafe”nin planı: Zəif performans, böyük nəticə
“Xetafe”nin qəribə mövsümü: az qol, böyük nəticə. Plan işləyir.
90plus.az xəbər verir ki, İspaniya La Liqasında bu mövsümün ən maraqlı hekayələrindən biri “Xetafe” ilə bağlıdır. Komanda qeyri-adi performansı ilə diqqət çəkir.
Hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşan Madrid təmsilçisi avrokuboklara, daha dəqiq desək, UEFA Konfrans Liqasına vəsiqə qazanmağa çox yaxındır. Bu isə klub üçün son illərin ən uğurlu mövsümlərindən biri hesab olunur.
Lakin statistika “Xetafe”nin mövsümünü daha da maraqlı edir. Komanda indiyə qədər cəmi 28 qol vurub. Bu göstərici hətta çempionatın sonuncu pilləsində qərarlaşan “Real Oviedo”dan cəmi 2 top çoxdur. Yəni hücum xətti baxımından “Xetafe” aşağı liqa səviyyəsinə yaxın nəticə göstərir.
Buna baxmayaraq, komanda uğurunu möhkəm müdafiə üzərində qurub. “Xetafe”nin buraxdığı qolların sayı yalnız “Real Madrid” və “Barselona”dan çoxdur, digər bütün klublardan isə daha yaxşı göstəriciyə malikdir. Bu da onların nəticələrinin əsas səbəbi kimi qiymətləndirilir.
Maraqlıdır ki, “Xetafe” bu mövsüm La Liqada 7 oyunda minimal hesablı qələbə qazanıb. Yəni komanda əksər hallarda bir qol vurmaqla kifayətlənir və həmin üstünlüyü sona qədər qorumağı bacarır.
Beləliklə, “Xetafe” həm aşağı məhsuldarlıq, həm də yüksək nəticə ilə yadda qalan paradoksal mövsüm keçirir. Müdafiə futbolunun klassik nümunəsini nümayiş etdirən komanda bu templə davam etsə, avrokuboklarda iştirakını rəsmiləşdirə bilər.
© Copyright 2026, All Rights Reserved