“Şalke” Bundesliqaya yüksəldi
“Şalke” Bundesliqaya yüksəldi – 1:0 və böyük qayıdış!
90plus.az xəbər verir ki, Almaniyanın köklü klublarından biri olan "Şalke" yenidən Bundesliqaya qayıdıb. Gelsenkirxen təmsilçisi II Bundesliqanın növbəti turunda "Fortuna Düsseldorf" üzərində 1:0 hesablı qələbə qazanaraq elitaya vəsiqəni rəsmiləşdirib.
Görüşdə yeganə qolu 15-ci dəqiqədə komandanın kapitanı Kenan Karaman vurub. Bu qol həm də onun mövsümdə 14-cü qolu olub.
Bu nəticədən sonra “Şalke” üçüncü pillədə qərarlaşan "Hannover" ilə xal fərqini əlçatmaz – 10 xala çatdırıb. Rəqibin üç, “Şalke”nin isə iki oyunu qaldığı üçün komanda Bundesliqaya birbaşa yüksəlişi təmin edib.
Komandanın uğurunda baş məşqçi Miron Musliç xüsusi rol oynayıb. Yayda təyin olunan mütəxəssis böhran yaşayan kollektivi qısa müddətdə çempionluğa namizədə çevirib.
Qış transfer pəncərəsində heyətə qoşulan Edin Dzeko da yüksəlişdə pay sahibi olub. 40 yaşlı hücumçu liqada keçirdiyi 9 oyunda 6 qol vurub. Zədə səbəbilə bir müddət kənarda qalsa da, həlledici oyunda meydana qayıdaraq azarkeşlərlə birlikdə sevinib.
Qarşılaşmadan sonra Karaman emosiyalarını ifadə edib:
“Bu anı sözlə ifadə etmək çətindir. Klub, şəhər və azarkeşlər uzun müddət bunu gözləyirdi. Evdə bunu bacardığımız üçün çox xoşbəxtəm”.
Oyundan sonra stadionda böyük bayram ab-havası yaşanıb. Azarkeşlər meydançaya daxil olmasalar da, tribunalarda məşəllər, mahnılar və coşqu ilə tarixi uğuru qeyd ediblər.
Qeyd: “Şalke” son 5 ildə ikinci dəfə Bundesliqaya yüksəlir. Klub 2021-ci ildə elitadan düşmüş, bir il sonra geri qayıtsa da, 2023-də yenidən aşağı liqaya yuvarlanmışdı.
Əfsanəvi futbolçu Raúl isə sosial şəbəkədə “Şalke”yə belə müraciət edib: “Sizin yeriniz buradır”.
© Copyright 2026, All Rights Reserved