"Uimbldon" finalında Sinner – Alkaras dueli
Mövsümün üçüncü "Böyük dəbilqə" tennis turniri olan "Uimbldon"da kişi təkli yarışlarında finalçılar müəyyənləşib. Yarımfinal qarşılaşmasında dünya birincisi italiyalı tennisçi Yannick Sinner 24 "Böyük dəbilqə" titullu Novak Cokoviçi məğlub edərək finala yüksəlib.
90plus.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən turnirin yarımfinalında 23 yaşlı Sinner ilə reytinq cədvəlində 6-cı pillədə yer alan 38 yaşlı serb tennisçi Cokoviç üz-üzə gəlib.
Dirsəyindəki zədə ilə meydana çıxan Sinner 1 saat 55 dəqiqə davam edən qarşılaşmada rəqibini 6–3, 6–3 və 6–4 hesablı setlərlə 3:0 məğlub edərək "Uimbldon"da karyerasında ilk dəfə finala yüksəlib.
Sinnerin indiyə qədər 2 "Avstraliya Açıq" və 1 "ABŞ Açıq" olmaqla ümumilikdə 3 "Böyük dəbilqə" çempionluğu var. Bu nəticə ilə o, ilk dəfə "Uimbldon"da final oynamaq hüququ qazanıb.
Fiziki baxımdan zəif təsir bağışlayan Cokoviç isə oyunun gedişində ayağında tibbi yardım alsa da, 25-ci "Böyük dəbilqə" titulunu qazanmaq şansını itirib.
Qeyd: "Avstraliya Açıq", "Fransa Açıq" ("Roland Garros"), "ABŞ Açıq" və "Uimbldon" tennis mövsümünün ən nüfuzlu dörd turnirindən hesab olunur. "Uimbldon"da kişi təkli final qarşılaşması 13 iyul – bazar günü baş tutacaq.
© Copyright 2026, All Rights Reserved