"Uimbldon"da qadınlar arasında çempion – İqa Şvyontek
Mövsümün üçüncü "Böyük dəbilqə" tennis turniri olan "Uimbldon"da qadınlar arasında final qarşılaşması baş tutub. Həlledici oyunda polşalı tennisçi İqa Şvyontek ABŞ təmsilçisi Amanda Anisimovanı 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
90plus.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən turnirin qadınlar təkli finalında dünya reytinqində 4-cü yerdə olan Şvyontek, bu mərhələyə ilk dəfə yüksələn və hazırda 12-ci sırada qərarlaşan 23 yaşlı Anisimovanı cəmi 57 dəqiqə ərzində 6–0, 6–0 hesablı setlərlə məğlub edib.
Bu nəticə ilə İqa Şvyontek "Uimbldon"da ilk çempionluğunu qazanıb. Maraq doğuran məqamlardan biri də budur ki, bu nəticə "Böyük dəbilqə" turnirləri tarixində 1988-ci ildən bəri ilk dəfə qadınlar finalında hər iki setin 6–0 hesabı ilə başa çatmasıdır. "Uimbldon"da isə bu hal sonuncu dəfə 1911-ci ildə yaşanmışdı – düz 114 il öncə.
Şvyontek bununla karyerasındakı 6-cı "Böyük dəbilqə" tituluna yiyələndi. O, bundan əvvəl 4 dəfə "Fransa Açıq", 1 dəfə isə "ABŞ Açıq" turnirində qalib olmuşdu.
© Copyright 2026, All Rights Reserved