Antonio Konte çempion etdiyi “Napoli”dən ayrıldı
Baş məşqçi Antonio Konte bu yay "Napoli"dən ayrılacağını açıqlayıb. O, klubu A Seriyası çempionluğuna daşıdıqdan cəmi 12 ay sonra bu qərarı verib.
90plus.az xəbər verir ki, daha əvvəl "Çelsi" və "Tottenhem"i çalışdıran mütəxəssis 2024-cü ildə “Napoli”nin başına keçmişdi və ilk mövsümündə komandaya tarixinin dördüncü A Seriyası titulunu qazandırmışdı.
Lakin bu mövsüm Neapol təmsilçisi çempionatı ikinci pillədə başa vurub. Komanda çempion "İnter Milan" 11 xal geri qalıb.
Çempionlar Liqasında da uğursuz çıxış edən “Napoli” pley-off mərhələsinə yüksələ bilməyib.
Qeyd: Bu turnir Konte üçün həmişə çətin yarışlardan biri hesab olunub.
“Napoli” mövsümün son turunda "Udineze"ni 1:0 hesabı ilə məğlub etdikdən sonra Konte klub prezidenti Aurelio De Laurentiislə birlikdə keçirdiyi mətbuat konfransında ayrılığı rəsmən elan edib.
Konte İtaliya mətbuatına açıqlamasında bunları deyib:
“Napoli”ni çalışdırmaq mənim üçün böyük şərəf idi. Burada keçirdiyim iki mövsüm möhtəşəm və unudulmaz təcrübə oldu. Bu qərarı özüm verdim və bir neçə həftə əvvəl prezidentə bildirmişdim. “Napoli” mənim üçün həmişə ev olacaq”.
İtaliya millisinin yeni baş məşqçisi olub-olmayacağı ilə bağlı suala isə o, zarafatla belə cavab verib:
“Məsləhətim budur ki, Pep Guardiolanı gətirsinlər”.
Xatırlatma: Konte ötən yay da klubdan ayrılmağa yaxın idi. Lakin rəhbərliklə apardığı danışıqlardan sonra komandada qalmağa razı olmuşdu.
“Napoli” yay transfer dönəmində Kevin De Bruyne və Rasmus Hoylund kimi futbolçuları heyətə qatsa da, zədələr və qeyri-sabit nəticələr komandanın çempionluq mübarizəsinə mənfi təsir göstərib.
© Copyright 2026, All Rights Reserved