Ayxan Abbasov: “Motivasiya problemi yoxdur”
Ayxan Abbasovdan məğlubiyyət şərhi: “Oyun bizim nəzarətimizdə idi, amma qol çatmadı”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Karvan-Yevlax”a 0:1 hesabı ilə məğlub olan Şamaxı klubunun baş məşqçisi Ayxan Abbasov oyundan sonra həm nəticəni, həm də komandasının çıxışını dəyərləndirib.
Abbasov rəqibi təbrik edərək matçın əvvəlindən çətin olacağını bildiklərini deyib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, “Karvan-Yevlax” üçün hər oyun final kimidir, motivasiyaları çox yüksəkdir.”
“Dominantlıq var idi, amma nəticə yox”
Baş məşqçi komandasının oyunu idarə etdiyini, lakin son nöqtəni qoya bilmədiyini vurğulayıb:
“Oyun bizim nəzarətimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox belə matçlarda eyni problemi yaşamışıq.”
Onun sözlərinə görə, əsas çatışmazlıq hücumun son mərhələsindədir:
“Bəlkə də futbolçuların ustalığı çatmadı. Bu detalları daha çox işləməliyik.”
“İsti hava tempi öldürdü”
Abbasov oyunun ritminə təsir edən amillərdən də danışıb:
“Havanın istiliyi tempin yüksəlməsinə imkan vermirdi. Rəqib də oyunun sürətlənməsini istəmirdi.”
“90-cı dəqiqəyə qədər mübarizə var idi”
Məğlubiyyətə baxmayaraq, baş məşqçi komandasının mübarizəsindən razı qaldığını bildirib:
“İkinci hissədə hücumameyilli dəyişikliklər etdik, rəqibi sıxdıq. 90 dəqiqə sona qədər mübarizə apardıq. Bu müsbət tərəfdir.”
“Motivasiya problemi yoxdur”
Komandanın artıq turnir hədəflərini yerinə yetirməsi ilə bağlı iddialara Abbasov belə cavab verib:
“Motivasiya problemi yoxdur. Əks halda komanda sona qədər belə oynaya bilməzdi.”
“Ayrılıq söhbətləri oyuna təsir etmir”
Məşqçi gələcəyi ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib:
“Mənim ayrılmağım barədə deyilənlər oyuna təsir etmir. Əksinə, futbolçular daha yaxşı görünməyə çalışır. Məğlub olanda suallar çoxalır, bu da normaldır.”
Abbasov sonda komandasının ümumi çıxışını belə yekunlaşdırıb:
“Futbolçular əllərindən gələni etdilər. Sadəcə, bu gün nəticə bizim tərəfimizdə olmadı.”