Benziadan sərt reaksiya: "Hakim biabrçıdır"
Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” arasında keçirilən cavab görüşü təkcə nəticə ilə deyil, həm də hakim qərarları ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində baş verən epizod isə müzakirələrin əsas mövzusuna çevrilib. Belə ki, oyunun baş hakimi Rəvan Həmzəzadə “Qarabağ”lı futbolçuların etirazına səbəb olan vəziyyətdə penalti təyin etməyib. Ağdam təmsilçisinin üzvləri rəqibin cərimə meydançasında topa əllə toxunduğunu iddia etsələr də, hakim oyunu bitirib.
Bu qərar sosial şəbəkələrdə də geniş əks-səda doğurub. “Qarabağ”ın keçmiş futbolçusu Yassin Benzia da məsələyə münasibət bildirənlər sırasında yer alıb. Hazırda karyerasını Səudiyyə Ərəbistanında davam etdirən yarımmüdafiəçi paylaşımında hakimliyi kəskin tənqid edib:
"Hakim biabrçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar".
Onun bu sözləri azarkeşlər arasında birmənalı qarşılanmayıb və müxtəlif fikirlərin səslənməsinə səbəb olub.
Xatırladaq ki, komandalar arasında ilk görüş 2:2 hesabı ilə yekunlaşmışdı. Cavab oyununda isə “Sabah” 2:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib. Bu nəticə ilə “Qarabağ” turnirlə vidalaşıb.
© Copyright 2026, All Rights Reserved