“Börnli”ni Premyer Liqaya çıxaran baş məşqçi yenidən aşağı düşdü deyə göndərildi
“Börnli”də ayrılıq: Skott Parker postunu tərk etdi.
90plus.az xəbər verir ki, "Börnli" klubunda gözlənilən dəyişiklik rəsmiləşib. Klub rəhbərliyi baş məşqçi Skott Parker ilə yolların qarşılıqlı razılıq əsasında ayrıldığını açıqlayıb.
Bu qərar komandanın Premyer Liqanı tərk etməsindən cəmi bir həftə sonra verilib. “Börnli” son 5 mövsümdə üçüncü dəfə Çempionşipə düşməklə uğursuz statistikanı davam etdirib.
45 yaşlı mütəxəssis klub prezidenti Alan Peys ilə gələcəyi barədə müzakirələr apardıqdan sonra vəzifəsindən ayrılıb. Tərəflər bir-birinə təşəkkür edib və qərarın qarşılıqlı hörmət çərçivəsində verildiyi bildirilib.
Parkerin gedişindən sonra komandanın sükanı müvəqqəti olaraq onun köməkçisi Mayk Ceksona tapşırılıb. O, mövsümün son 4 oyununda komandaya rəhbərlik edəcək.
Klub artıq yeni baş məşqçi axtarışına başlayıb. Namizədlər arasında Uels millisinin baş məşqçisi Kreyq Bellaminim də adı hallanır.
Qeyd: Parker 2 ilə yaxın müddətdə “Börnli”ni çalışdırıb və 2024/25 mövsümündə komandanı 100 xalla Premyer Liqaya qaytararaq böyük uğura imza atmışdı. Həmin mövsümdə klub 33 oyunluq məğlubiyyətsiz seriya və 30 “quru oyun”la rekordlar qırmışdı. Lakin elitada bu performansı təkrarlamaq mümkün olmayıb. Komanda cari mövsümdə 34 oyunda cəmi 4 qələbə qazanıb və 68 qol buraxaraq ən zəif müdafiə göstəricilərindən birinə sahib olub.
Skott Parker vidalaşarkən bildirib:
“Bu böyük kluba rəhbərlik etmək mənim üçün böyük şərəf idi. Birgə keçirdiyimiz hər andan zövq aldım, amma düşünürəm ki, indi yolları ayırmaq hər iki tərəf üçün doğru qərardır.”
Beləliklə, “Börnli” növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq.
© Copyright 2026, All Rights Reserved