Endrik: “Ümid edirəm, oğlum futbolçu olmaz”
Endrik sosial şəbəkələrin futbol karyerasına təsirindən danışıb və gələcəkdə övladının futbol dünyasından uzaq qalmasını arzuladığını bildirib.
90plus.az xəbər verir ki, 19 yaşlı braziliyalı hücumçu “The Guardian” nəşrinə açıqlamasında bildirib ki, karyerasının əvvəlində sosial şəbəkələrdəki tənqidlərə həddindən artıq həssas yanaşıb və bu, onun psixoloji durumuna təsir edib.
Onun sözlərinə görə, əvvəllər matçlardan sonra dərhal sosial şəbəkələrə girərək insanlar tərəfindən yazılanları oxuyur, bu isə bəzən yanlış təsir yaradırdı:
“Əvvəllər bunu çox pis idarə edirdim. Meydandan çıxan kimi Twitter və digər sosial şəbəkələrə baxırdım. İnsanların mənim haqqımda nə yazdığını görmək istəyirdim. Amma bu düzgün deyil. İndi o dövr arxada qalıb.”
Endrik əlavə edib ki, hazırda diqqətini yalnız futboluna yönəldib və bu yanaşma onun performansını da yaxşılaşdırıb:
“Matç bitəndən sonra sakit oluram, bərpa prosesinə fokuslanıram. Artıq tənqidlərə əhəmiyyət vermirəm.”
Futbolçu həmçinin gələcək övladı barədə də danışıb. O bildirib ki, istər oğul, istər qız olsun, əsas məqsədi onun xoşbəxt və normal həyat yaşayan bir insan olmasıdır:
“İstəyirəm ki, böyük insan olsun, yaxşı şəxsiyyət kimi formalaşsın. Məni meydandan kənarda normal bir insan kimi görsün, ‘Endrik futbolçu’ kimi yox. Futbol yaxşı yer deyil, çox çətin mühitdir. Ümid edirəm ki, o, hüquqşünas, həkim və ya başqa bir peşə sahibi olar və öz dünyasında xoşbəxt yaşayar.”
Həyat yoldaşı Qabrieli Miranda ilə birlikdə ilk övladlarını gözləyən Endrikin bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved