FIFA yerli liqalara xaricdə oynamaq imkanı verəcək
FİFA ölkə liqalarına mövsümdə bir matçı xaricdə keçirməyə icazə verə bilər.
90plus.az xəbər verir ki, FIFA yerli liqalara mövsüm ərzində bir rəsmi oyunu ölkə xaricində keçirməyə icazə verə biləcək yeni qaydanı müzakirə edir. Hazırda bu istiqamətdə yeni protokolun hazırlanması son mərhələyə yaxınlaşır.
Plana əsasən, istənilən xarici ölkədə keçiriləcək liqa matçı üçün əvvəlcə bütün aidiyyəti futbol assosiasiyalarının, konfederasiyaların və ev sahibi ölkənin razılığı tələb olunacaq. Yalnız bu təsdiqlərdən sonra FİFA son icazəni verə biləcək.
Son illərdə bu ideya bir neçə dəfə gündəmə gəlsə də, reallaşmayıb. Məsələn, İspaniya La Liqasında “Barselona” – “Vilyarreal” matçının ABŞ-ın Mayami şəhərində, eləcə də İtaliya A Seriyasında “Milan” – “Komo” oyununun Avstraliyanın Pert şəhərində keçirilməsi planları baş tutmamışdı.
Yeni qaydanın əsas məqsədi liqaların beynəlxalq bazarlarda daha geniş auditoriyaya çıxmasına imkan yaratmaqdır. Bununla belə, layihə hələ tam təsdiqlənməyib və müzakirələr davam edir.
FİFA-nın planı bu sistemi gələn mövsümdən etibarən tətbiq etməkdir.
Mənbə: The Guardian
© Copyright 2026, All Rights Reserved