Günün oyunu: "Bayern" - PSJ
90plus.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ən diqqətçəkən qarşılaşmalarından biri bu gün Almaniyada baş tutacaq. Fransanın PSJ klubu ilk oyunda əldə etdiyi 5:4 hesablı qələbənin üstünlüyü ilə Almaniyanın Bayern Münhen komandasının qonağı olacaq.
Parisdə keçirilən ilk görüş turnirin tarixində ən yadda qalan yarımfinal oyunlarından biri kimi qiymətləndirilir. PSJ-nin gürcü futbolçusu Xviça Kvaratsxeliya və fransız hücumçu Usman Dembele hərəyə iki qol vuraraq komandasının qələbəsində əsas rol oynadılar.
"Bayern Münhen"in heyətində isə Harri Keyn, Maykl Olise və digər oyunçular fərqləndi. Oyun yüksək temp və bol qollarla yadda qaldı və yekunda PSJ minimal üstünlük qazandı.
"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani cavab oyununda da hücum futboluna üstünlük verəcəklərini bildirib. Onun sözlərinə görə, komanda öz oyun fəlsəfəsindən imtina etməyəcək.
Komandanın aparıcı futbolçularından Coşua Kimmix də qələbədən başqa variant düşünmədiklərini vurğulayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike bu oyunun karyerasının ən yaxşı qarşılaşmalarından biri olduğunu deyib. O, komandası ilə ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmaq niyyətindədir.
Bu uğur baş verərsə, Enrike Karlo Ançelotti, Zinəddin Zidan və Pep Qvardiola kimi məşhur məşqçilərlə eyni səviyyəyə yüksələcək.
"Bayern Münhen" tərəfindən Serj Qnabri və Rafael Qerreyro zədə səbəbindən oyunu buraxacaq.
PSJ-də isə əsas itki Aşraf Hakimidir. Bundan əlavə, ehtiyat qapıçı Lukas Şevalye də komandaya kömək edə bilməyəcək.
Bu cütün qalibi Budapeştdə yerləşən Puşkaş Arena stadionunda keçiriləcək finalda "Arsenal" ilə qarşılaşacaq.
PSJ və Bayern Münhen arasında keçiriləcək cavab oyununun da ilk qarşılaşma kimi gərgin və bolqollu keçəcəyi gözlənilir. Hər iki komanda yalnız qələbə üçün meydana çıxacaq və bu da futbolsevərlərə növbəti möhtəşəm oyunu vəd edir.
Günün oyunu:
Çempionlar Liqası, yarımfinal. Cavab matçı
Saat 23:00 Bayern Münhen - PSJ
(İlk oyun: 4-5)
Yayım: İctimai; TRT 1; Okko Sport; Digiturk Play Turkey; tabii Turkey.
© Copyright 2026, All Rights Reserved