Günün oyunu: “PSJ - Bayern”
Çempionlar Liqası: PSJ – “Bayern Münhen” yarımfinalına böyük maraq var.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində möhtəşəm qarşılaşma baş tutacaq. Fransada PSJ doğma meydanda Almaniyanın “Bayern Münhen” klubunu qəbul edəcək. İlk oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Günün oyunu:
Çempionlar Liqası, yarımfinal. İlk oyun:
Saat 23:00 PSJ - Bayern Münhen
Yayım: CBC Sport; TRT Spor; Okko Sport; Digiturk Play Turkey; tabii Turkey
Favoritlər üz-üzə
Avropanın ən formda komandalarından biri sayılan “Bayern Münhen” bu mövsüm artıq Bundesliqanın qalibi olub və Almaniya kubokunda finala yüksəlib. Harri Keyn başda olmaqla hücum xətti yüksək formadadır və komanda “trebl” uğrunda mübarizə aparır.
Digər tərəfdə isə son Çempionlar Liqası qalibi PSJ yer alır. Luis Enrike rəhbərliyində Paris təmsilçisi Liqa 1-də liderdir və yarımfinala qədər inamlı çıxış edib.
Statistikalar qol vəd edir
Hər iki komanda bu mövsüm Çempionlar Liqasında 38 qol vurub ki, bu da turnirin ən yüksək göstəricisidir. Bu səbəbdən qarşılaşmanın bol qollu keçəcəyi gözlənilir.
Son qarşılaşmalarda üstünlük
Komandalar arasında son illərdə keçirilən oyunlarda üstünlük “Bayern Münhen” tərəfdədir. Almanlar PSJ-yə qarşı son 4 Çempionlar Liqası matçında qalib gəlib. Ümumilikdə isə 16 oyunun 9-da Almaniya klubu, 7-də Fransa təmsilçisi qələbə qazanıb.
Məşqçi faktoru
“Bayern Münhen”in baş məşqçisi Vensan Kompani bu oyunda texniki zonada olmayacaq. O, əvvəlki mərhələdə sarı vərəqə limitini doldurduğu üçün cəzalıdır. Komandanı bu matçda köməkçisi Aaron Denks idarə edəcək.
Heyətlə bağlı son durum
PSJ-də əsas suallardan biri Vitinya ilə bağlıdır – yarımmüdafiəçinin durumu oyuna yaxın dəqiqləşəcək. Usman Dembele və Xviça Kvaratsxeliya isə əsas hücum gücü kimi hazırdır.
“Bayern Münhen”də isə bir neçə itki var. Buna baxmayaraq, Camal Musiala, Yoşua Kimmix və Harri Keyn kimi liderlər heyətdədir.
Yarımfinala necə gəldilər?
PSJ 1/4 finalda “Liverpul” klubunu inamla mübarizədən kənarlaşdırıb. “Bayern Münhen” isə dramatik qarşılaşmada “Real Madrid” üzərində üstünlük qazanaraq yarımfinala yüksəlib.