"Karvan"ın çalışdırıcısı: "Qırmızı vərəqə ciddi təsir göstərdi"
Misli Premyer Liqasının 29-cu turunda “Karvan-Yevlax” səfərdə “Sabah”a 0:2 hesabı ilə uduzdu. Qarşılaşmadan sonra bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov oyunu şərh edərək nəticəyə təsir edən əsas məqamları açıqlayıb.
90plus.az xəbər verir ki, mütəxəssis matçın əvvəlindən çətin keçəcəyini gözlədiklərini bildirib:
“Bilirdik ki, bizi çox çətin oyun gözləyir. ‘Sabah’ın nə qədər güclü komanda olduğu elə turnir cədvəlindən də görünür”.
Onun sözlərinə görə, komanda bu oyuna xüsusi hazırlaşsa da, meydandakı hadisələr planları pozub:
“Bu matça çox ciddi hazırlaşmışdıq və əsas məqsədimiz ən azı məğlub olmamaq idi. Lakin aldığımız qırmızı vərəqə oyunun gedişatına ciddi təsir göstərdi”.
Məmmədov azlıqda qalmağın komandaya təsirini açıq şəkildə etiraf edib. Buna baxmayaraq, futbolçularının mübarizəsindən razı qaldığını qeyd edib:
“‘Sabah’ kimi rəqibə qarşı tam heyətlə oynamaq çətindir, azlıqda qaldıqdan sonra isə istər-istəməz boşluqlar yarandı. Buna baxmayaraq futbolçularım meydanda sonadək vuruşdular, onlara təşəkkür edirəm”.
Baş məşqçi ilk hissədə müdafiə xətti və qapıçının performansını xüsusi vurğulayıb:
“Müdafiə xəttimizin və qapıçımızın inamlı çıxışı sayəsində ilk hissəni qolsuz başa vura bildik”.
Lakin ikinci hissədə yorğunluq və səhvlər qaçılmaz olub:
“İkinci hissədə yorğunluq və səhvlər öz sözünü dedi ki, nəticədə qapımızda qollar gördük”.
Füzuli Məmmədov komandasının bu oyunda adət etdiyimiz hücum futbolundan uzaq qalmasının səbəblərinə də aydınlıq gətirib. Onun fikrincə, rəqibin oyun üslubu buna məcbur edib:
“‘Sabah’ güclü pressinq tətbiq edən və topu qazandıqdan sonra dərhal təhlükəli epizodlar yaradan komandadır. Əsas hədəfimiz onlara bu imkanları verməmək idi”.
Hesabın 0:2-yə çatmasından sonra belə, risk etmədiklərini deyən baş məşqçi bunu taktiki seçim kimi izah edib:
“Bilirdik ki, irəli böyük qüvvə ilə atılsaq, bizi əks-hücumda asanlıqla yaxalaya bilərlər. Bu səbəbdən daha qapalı və ehtiyatlı oynamağa üstünlük verdik”.
Sonda o, komandanın qolkiperinin çıxışına xüsusi qiymət verib:
“Qapıçımız təkcə bu matçda yox, ümumiyyətlə mövsüm ərzində çıxdığı bütün oyunlarda yüksək performans nümayiş etdirib”.
Baş məşqçi əlavə edib ki, çempionat davam edir və “Karvan-Yevlax” qarşıdakı turlarda daha yaxşı nəticələr üçün mübarizəni davam etdirəcək.
© Copyright 2026, All Rights Reserved