PSJ ardıcıl 2-ci mövsüm Çempionlar Liqasının qalibidir
PSJ tarix yazdı: "Arsenal"ı penaltilərdə məğlub edən Paris klubu ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu!
90plus.az xəbər verir ki, Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün qalibi olub. Paris təmsilçisi finalda İngiltərənin “Arsenal” komandası ilə qarşılaşıb və dramatik keçən oyunun ardından kuboku başı üzərinə qaldırıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. London klubu hesabı erkən açıb. Kai Haverts 5-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penalti zərbəsindən vurduğu qolla tarazlığı bərpa edib.
Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan PSJ rəqibini 4:3 hesabı ilə üstələyərək ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb:
PSJ 1 - 1 Arsenal
K. Haverts 5’
U. Dembele 64’ (pen)
Qollar:
https://t.me/doxsanplus/117166
https://t.me/doxsanplus/117167
Penaltilər: 4-3
Beləliklə, PSJ 2024/25 mövsümündən sonra 2025/26 mövsümündə də Avropanın ən nüfuzlu klub turnirinin qalibi olaraq tarixə düşüb. Klub ardıcıl iki dəfə Çempionlar Liqasını qazanan ikinci komanda olub. Bundan əvvəl bu uğura yalnız “Real Madrid” imza atmışdı.
Komandanın baş məşqçisi Luis Enrike isə növbəti tarixi nailiyyətini rəsmiləşdirib. İspan mütəxəssis karyerasında üçüncü dəfə Çempionlar Liqasını qazanaraq bunu bacaran cəmi dörd məşqçidən biri olub.
PSJ-nin turnirdəki əsas qəhrəmanlarından biri Usman Dembele olub. Fransa millisinin üzvü bu mövsüm Çempionlar Liqasında keçirdiyi 13 oyunda 8 qol vuraraq komandasının uğurunda mühüm rol oynayıb.
Final görüşünün ən yaxşı oyunçusu adına isə Vitinya layiq görülüb. Portuqaliyalı yarımmüdafiəçi matç boyu nümayiş etdirdiyi yüksək performansla fərqlənib.
Bu qələbə PSJ prezidenti Nasser Əl-Xelaifinin də ikinci Çempionlar Liqası kuboku kimi tarixə düşüb. Paris klubu Luis Enrikenin rəhbərliyi altında son illərdə qazandığı titulların sayını 12-yə çatdırıb:
• 3 Fransa çempionluğu
• 3 Fransa Superkuboku
• 2 UEFA Çempionlar Liqası
• 2 Fransa Kuboku
• 1 UEFA Superkuboku
• 1 FIFA Qitələrarası Kubok
PSJ bununla Avropa futbolunda yeni dominant dövrün əsas namizədlərindən biri olduğunu bir daha nümayiş etdirib.