Qalib gələn “Kəpəz”in baş məşqçisi: “22 oyun uduzmayan “Sabah”a qarşı…”
Azər Bağırov: “Meydanda qurduğumuz plan öz bəhrəsini verdi”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda “Kəpəz” səfərdə “Sabah” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov qarşılaşmanı dəyərləndirib.
Mütəxəssis komandasının oyun planının uğurlu alındığını bildirib:
“Çempionluğunu rəsmiləşdirən “Sabah”ı təbrik edirəm. İnşallah, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcəklər. 22 oyun uduzmayan “Sabah”a qarşı mübarizə aparırdıq. Bir çox matçda da artıq qarşılaşmanın taleyini ilk hissədə həll edirdilər. Qapıçımız Yusif İmanova təşəkkür edirəm. O, bu gün ən yaxşı görüşlərindən birini keçirdi”.
Baş məşqçi komandalarının bəxt amilindən də yararlandığını vurğulayıb:
“Bugünkü matçda bir az da bəxtimiz gətirdi. Fikirləşirdik ki, “Sabah” dəyişikliklər edəcək. Çünki yaxın zamanda Azərbaycan Kubokunda final oyununa çıxacaqlar. Sevinirik ki, meydanda qurduğumuz plan öz bəhrəsini verdi. Azarkeşlərimizi təbrik edirəm”.
© Copyright 2026, All Rights Reserved