Qurban Qurbanov sərt danışdı: “Elvin üçün orada oturma burada otur…”
“Qarabağ” “Sabah”a uduzdu: Qurban Qurbanovdan geniş şərh – “psixoloji yorğunluq var idi”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Sabah”a 0:1 hesabı ilə məğlub olan Qarabağ matçdan sonra baş məşqçi Qurban Qurbanov oyunla bağlı geniş açıqlama verib. Təcrübəli mütəxəssis həm nəticəni, həm də komandanın ümumi vəziyyətini dəyərləndirib.
Qurbanov rəqibi təbrik edərək, oyunun ümumi tempini və atmosferini belə şərh edib:
“İlk növbədə “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə də təşəkkür edirəm, yaxşı futbol ab-havası var idi. Əvvəlki oyunlarımız daha məhsuldar keçirdi, bu dəfə isə epizodları dəyərləndirə bilmədik. Rəqib qələbəyə daha layiq idi.”
Baş məşqçi komandasının son dövrdəki oyun ritmində eniş olduğunu da gizlətməyib. Onun sözlərinə görə, sıx oyun qrafiki və Avrokuboklardakı çıxışlar futbolçulara təsir göstərib:
“Çempionlar Liqasındakı sıx qrafik bizə təsirsiz ötüşmədi. Son aylarda 3-4 gündən bir oynayırıq, bu da həm fiziki, həm də psixoloji yorğunluq yaradır. Oyunun keyfiyyəti əvvəlki kimi deyil. Bu bəhanə deyil, amma reallıqdır.”
Qurban Qurbanov bəzi futbolçuların performansına da toxunub və komanda daxilində intizamın vacibliyini xüsusi vurğulayıb:
“Bəzi oyunçularda istədiyimiz səviyyə yox idi. Biz “Qarabağ”ıq, burada intizam hər şeydən önəmlidir. Bir-iki yaxşı oyunla heç nə bitmir.”
Mütəxəssis həmçinin intizam səbəbilə əvəzedici heyətə göndərilən futbolçular – Elvin Cəfərquliyev, Abbas Hüseynov və Sami Mmae barədə də danışıb. Onun sözləri sərt və prinsipial olub.
Qurban Qurbanov “Elvin Cəfərquliyevi bağışlamaq olarmı?”sualına belə cavab verdi:
"Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-ayrılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq”
Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır.
Elvin üçün orada oturma, burada otur, o çağırsın-bu çağırsın. ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, “Qarabağ” klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir.
Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özləri ilə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu günkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə oyunçularımı daha da hər tərəfli incələməliyəm”.
“Klubun prinsipləri var. Bəzən bağışlamışıq, bəzən cəza vermişik. Amma “Qarabağ”da bu məsələlərə göz yummaq olmur. Futbolçular anlamalıdır ki, bir oyun hər şeyi həll etmir.”
O, həmçinin komandanın ümumi psixoloji durumuna diqqət çəkib:
“Uğurlardan sonra çempionata tam fokuslana bilmədik. Görünən odur ki, kollektivdə psixoloji yorğunluq var. Bu, futbolda normal haldır.”
Sonda isə Qurban Qurbanov qarşıdakı oyunlara toxunaraq komandanın hələ də hədəfdən uzaq olmadığını qeyd edib:
“Qarşıda sıx qrafik var. Pozitiv qalmalıyıq, səhvləri düzəltməliyik. “Sabah”la kubok oyununa da ciddi hazırlaşacağıq və sona qədər mübarizə aparacağıq.”
“Qarabağ” hazırda həm çempionat, həm də kubok mübarizəsində həlledici mərhələyə daxil olur.