UFC döyüşləri 2 il rəsmən Azərbaycanda!
Mütləq Döyüş Çempionatı (UFC) Azərbaycanın Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılığa gəlib.
90plus.az xəbər verir ki, razılaşmaya əsasən, 2028-ci ilə qədər hər il Bakıda “UFC Fight Night” turnirlərinin keçirilməsi planlaşdırılır. Bu silsilənin ilk tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Xatırlatma: UFC ötən il Bakıda ilk dəfə təşkil olunan yarışla böyük maraq doğurmuşdu. Bakı Kristal Zalında keçirilən həmin tədbir 14 mindən çox tamaşaçını bir araya gətirmiş, biletlərin tam satılması isə regionda qarışıq döyüş növlərinə artan marağın göstəricisi olmuşdu.
Las-Veqasda baş tutan görüş zamanı UFC prezidenti Dana Uayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurlu başlanğıcın davam etdirilməsi və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Dana Uayt Bakıya səfərindən böyük təəssüratla ayrıldığını bildirərək şəhərin gözəlliyini, insanların qonaqpərvərliyini və azarkeşlərin idmana yüksək marağını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Bakı həm təşkilatçılıq, həm də tamaşaçı baxımından bu cür mötəbər yarışlar üçün əlverişli məkandır.
Fərid Qayıbov isə bu əməkdaşlığı Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqi kimi qiymətləndirib. O qeyd edib ki, UFC-nin ölkəyə gəlməsi qarışıq döyüş növlərinin inkişafına təkan verəcək və yerli idmançılar üçün yeni imkanlar yaradacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də bildirib ki, ötən ilki uğurlu debütdən sonra bu əməkdaşlığın genişləndirilməsi gözlənilən idi. Onun sözlərinə görə, bu il keçiriləcək turnirə marağın daha yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağı proqnozlaşdırılır.
© Copyright 2026, All Rights Reserved