Amorimin Premyer Liqaya yolu açılıb
Ruben Amorim Premyer Liqaya dönüş şansı qazana bilər.
90plus.az xəbər verir ki, Ruben Amorimin "Mançester Yunayted"dəki dövrü uğursuz başa çatsa da, portuqaliyalı mütəxəssisin məşqçi kimi reputasiyası tam itmiş hesab olunmur.
Amorim yüksək gözləntilərlə "Mançester Yunayted"ə gətirilsə də, komandanı istədiyi kimi formalaşdırmaqda çətinlik çəkib. Onun 3-4-3 taktikasına sadiqliyi xüsusilə nəticələr zəif olduqca ciddi tənqidlərə səbəb olmuşdu.
Hazırda "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik isə Bruno Fernandeşin istifadəsi ilə bağlı Amorimə dolayı şəkildə tənqidi fikirlər səsləndirib.
Amorim bu ilin əvvəlində klubdakı çətin dövr və rəhbərliklə yaranan fikir ayrılıqlarından sonra vəzifəsini itirmişdi. Buna baxmayaraq, onun əvvəlki uğurları hələ də diqqət mərkəzindədir.
O, "Sportinq"də çalışdığı müddətdə komandanı Portuqaliya futbolunun aparıcı qüvvələrindən birinə çevirib, bir neçə titul qazanıb və yüksək səviyyəli oyun üslubu formalaşdırıb.
İndi isə onun İngiltərədə yeni bir şans qazana biləcəyi iddia olunur. Keçmiş futbolçu Ceyson Punçon hesab edir ki, Amorim "Kristal Pelas" üçün uyğun seçim ola bilər. O, “The Mirror” nəşrinə açıqlamasında bildirib:
“Sportinq"də komandanı sıfırdan qurdu və uğur qazandı. "Mançester Yunayted"də isə təzyiq tam fərqlidir. 3-4-3 sistemini tətbiq etmək vaxt tələb edir.”
“Yunayted"də isə bu vaxt yoxdur. "Kristal Pelas"da isə ona bu imkan verilə bilər.”
Qeyd: Oliver Qlazner mövsümün sonunda "Kristal Pelas"dan ayrıla bilər. Buna baxmayaraq, London klubu UEFA Konfrans Liqasının yarımfinalında mübarizə aparır.
Klubun artıq oxşar oyun sisteminə uyğunlaşması Amorimin işini asanlaşdıra bilər. Bu səbəbdən onun Premyer Liqaya dönüşü yenidən gündəmə gəlib.
© Copyright 2026, All Rights Reserved