Ansu Fati birdəfəlik “Monako”da qalır
“Barselona”nın yetirməsi “Monako”da qalır – 11 milyon avroluq transfer tamamlanmaq üzrədir.
90plus.az xəbər verir ki, Fransanın “Monako” klubu Ansu Fatinin transfer hüquqlarını birdəfəlik almağa qərar verib. Tərəflər arasında danışıqlar son mərhələyə çatıb və knyazlıq təmsilçisi müqavilədə nəzərdə tutulan 11 milyon avroluq satınalma bəndini aktivləşdirməyə hazırlaşır.
Məlumata görə, “Barselona” da transferin yekunlaşmasına razıdır. Kataloniya klubu müqaviləyə gələcək satışdan pay əldə etməsini təmin edən xüsusi bənd daxil etməyi planlaşdırır.
Ansu Fati ötən mövsümü icarə əsasında “Monako”da keçirib. Hücumçu son oyununda qol vuraraq mövsümü uğurlu notla başa vurmuşdu. Futbolçu fiziki durumunu bərpa etdikdən sonra 2026/27 mövsümündə “Barselona”ya qayıdaraq özünü yenidən sübut etmək niyyətində idi.
Lakin “Barselona”nın İngiltərə millisinin üzvü Entoni Qordonu heyətinə qatması vəziyyəti dəyişib. Mənbələrin məlumatına görə, bu transfer Ansu Fatiyə Hans-Diter Flikin planlarında yer olmadığını göstərib və futbolçu artıq “Monako”da qalmağa razılıq verib.
Bildirilir ki, Fatinin agenti Jorje Mendeş və “Monako” rəsmiləri daimi transfer üçün son detalları müzakirə edirlər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
22 yaşlı hücumçu ötən mövsüm “Monako”nun heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 9 qol vurub və komandasının avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynayıb. Klub onun çıxışından razıdır və əməkdaşlığı uzunmüddətli etmək istəyir.
Qeyd: Ansu Fati “Barselona” ilə müqaviləsini daha əvvəl 2028-ci ilin yayına qədər uzatmışdı. Buna baxmayaraq, görünən odur ki, La Masiya yetirməsinin Kataloniya klubundakı ikinci şans arzusu reallaşmayacaq.
© Copyright 2026, All Rights Reserved